AZ

Azərbaycanda arılar kütləvi şəkildə QIRILIR – Alimlərdən HƏYƏCAN TƏBİLİ – FOTO

Dünyada və Azərbaycanda arıların kütləvi məhvi alimləri ciddi narahat edir.

Dünyanın müxtəlif ölkələrindən gələn arıçılıq üzrə mütəxəssislər Zaqatala və Şəkidə arı təsərrüfatlarında olub,  arı ailələlərindəki ölüm səbəblərini araşdırıblar.

Zaqatala Arıçılar Birliyinin sədri Mövləddin Qurbanəliyevin təşəbbüsü ilə Qazaxstan, İsrali və Rusiyadan gələn arıçı alim və mütəxəssislər rayonda müxtəlif təsərrüfatlara baş çəkib, onların iş şəraiti və qayğıları ilə maraqlanıb.

Qanıx çayın vadisində yerləşən təsərrüfatlardan birində xarici mütəxəssislər arı ailələrini, onların yemlənmə şəraiti ilə maraqlanıb.  Söhbət və müzakirələr əsasən “Arıların təbiətdə rolu”ndan gedib. Elə ilk sualımızı da Mövləddin müəllimə ünvanlayırıq. Təcrübəli arıçı Bizim.Media-ya açıqlamasında bildirib ki, arılar təbiətdə bir zəngir rolunu oynayır.


“Hələ qədim zamanlarda belə bir ifadə var, arılarsız dünyanı 4-6 ilə məhv olma təhlükəsi gözləyir. Əsas məqsəd də arı ölümlərini birgə araşdırıb, çıxış yolları tapmaqdı”.

Rusiyanın Kirov vilayətindən gələn, kənd təsərrüfatı elmləri doktoru Anna Brendorf Azərbaycanda xeyli təcrübəli arıçı ilə tanış olduğunu, onların gördüyü işlərlə tanışlıqdan məmnun qaldığını deyir. Rusiyalı mütəxəssis dünyanı arılarsız təsəvvür etmir. Lakin onların arasında yayılan xəstəlik və virusların son illər çoxaldığını diqqətə çatdıraraq, kütləvi arı ölümlərinə dünyanın hər yerində rast gəldiyini qeyd edib. Alim bu məsələni  araşdırmaq üçün xeyli vaxt tələb olunduğunu, səbəblərini yerli arıçılara bildirəcəklərini vurğulayıb.

Qazaxstanlı alim Oleq Krupskiy hesab edir ki, arıların azalması, xəstələnməsi, viruslara yoluxması ekoloji problemlərin də artması ilə nəticələnir:


“biz arılarla nəfəs alan insanlarıq. Bu baxımdan bütün dünyada arıların artmasına təkan vermək, hətta dövlət səviyyəsində dəstək göstərmək vacibdir”.  

18 ildir arıçılıq sahəsini bütün dərinliyinə qədər araşdıran, virus və xəstəliklərlə bağlı çox sayda lobarator araşdırmalar aparan Viktoriya Skokker İsraildən gəlib. Bu sahədə göstərdiyi xidmətlərə görə Beynəlxalq Arıçılar İttifaqının üzvülüyünə qədər yüksələ bilib. Viktoriya xanım dünyanın 6 qitəsində arı ailələrini, onların ölüm səbəblərini araşdıran nadir alimlərdən sayılır. Onun bu dəfəki səfərində əsas məqsəd də Azərbaycanda arı ailələri arasında xəstəlik və virusları araşdırıb yerli mütəxəssislərə kömək etməkdir.   


Xarici mütəxəssislər Qanıx çayı vadisindəki arıçılıq təsərrüfatlarında vəziyyətlə tanış olandan sonra daha bir neçə istiqamətdə yerləşən arıçılıq təsərrüfatlarına baş çəkib, hər birinin problem və qayğılarını öyrəniblər.

Arıçı alimlərin ilkin rəyi ondan ibarətdir ki, ölkəmizdə bu sahənin inkişafı üçün yetərincə bitki örtüyü və hava-iqlim şəraiti mövcuddur.

Sadəcə olaraq arı növlərinin iqlimə uyğunlaşmasını, onların virus və xəstəliklərə davamlı olmasını təmin etmək üçün yollar axtarılmalı və tapılmalıdır. Bunun üçünsə ilk növbədə təcrübə mübadiləsi davam etdirilməli, vaxtaşırı görüşlər keçirilməlidir.










Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Seçilən
0
bizim.media

1Mənbələr