“Mənim Şəfiqə xanımla heç bir konfliktim olmayıb. Biz tələbə yoldaşıyıq, bir yerdə oxumuşuq. Çox təəssüf ki, onun kinodan başqa şəxsi maraqları da var imiş. Ona görə də mənə mənfi münasibət bəslədi"
Bu sözləri Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov bildirib.
"Kino bu ada bağlı olan hər kəsin mənəvi valideynidir. Əgər vicdanla danışırıqsa bu belə də olmalıdır. Adam yediyi qaba tüpürməz, yediyi çörəyə şıllaq atmaz. Mən şəxsən özümdən danışıram. Nəyim varsa bu gün, nə əldə etmişəmsə kinoya borcluyam. Adam da mənəvi atasına xəyanət edərmi? Mən buna heç vaxt yol verməmişəm, vermərəm, verməyəcəm də. Sadəcə olaraq mən Azərbaycan kino cəmiyyətinin iki ittifaqa bölünməsinin əleyhinə idim. Bunun davasını aparırdım. Rasim Balayev mənim 40 illik ailəvi dostumdur, uşaqlarımız bir-birimizin boynunda böyüyüb. Nəticədə kino əhli bir araya gəldi, sədri seçdi. İndi əl-ələ verib hər şeyi həll etmək zamanıdır. Bu mənada mənim nə Rasim Balayevlə, nə də Şəfiqə Məmmədova ilə problemim yoxdur. Mənim problemim dədəm də olsa o şəxslərlədir ki, onlar kinoya qarşıdırlar”.
O daha sonra Mədəniyyət və İncəsənət universitetində bəzi çatışmazlıqlardan danışıb:
“Azərbaycanda teatr, kino təhsil sisteminə yenidən baxmaq, yenifən formalaşdırmaq lazımdır. Universitetdə artıq fakültələr var ki, ələnməlidir, universitet adı üstündən götürülməlidir. Orada təhsil peşəkar aktyorlar tərəfindən praktiki şəraitdə keçirilməlidir. Auditoriyalarda aktyorluqdan dərs deyərlər? Kadrlar peşəkarlıqlarına görə seçilməlidirlər. Praktika Adil İsgəndərovun vaxtında var idi. AZDRAMA-da teatr studiyası yaranmalıdır” deyə sənətkar bildirib.