AZ

Şənbə üçün nəzm

Almas İldırım

MƏNİM TÜRKÜM

Aşiqəm, cismim əgər buzlu

cəhənnəmdə yana,

Daşımaz qorxulu dağlar

bu tükənməz yasımı...

Gör mələklər verələr

cənnəti-əlayi mana,

Söylərəm: istəməm ol cənnəti,

ver Qafqasımı!

Qafqasın eşqi bütün zər dolu

dünyaya dəgər,

Desələr yurdu unut, al

“Yeni dünya”yı əgər,

Söylərəm, eşqimi ver,

haqqımı ver, yurdumu ver,

Dinləsin qoy bütün aləm

bu boğulmaz səsimi!

QÜRBƏTDƏ

Mən torpağı atəşlə yoğrulan

bir diyarın

Doğdum yad çəkmələrlə

çeynənən yaxasında.

Ömrünü udub keçən hər qışın,

hər baharın

İçində mən ağlaram yalnız

onun yasında...

Basdığım hər torpağın qoy

cənnət olsun üzü,

Mən onu bir an üçün tapdayıb

keçəcəyəm.

Varsın da buz bağlasın hər bir çeşmənin gözü,

Mən yenə o içdiyim

ağudan içəcəyəm.

Varsın hər çiçək, mana

versin baharı müjdə,

Qəlbimdəki dağların

getməz başından qışı.

Mən edəməm eşqimə

yad bir məbədə səcdə,

Burax, getdigim yolun

tufanlar olsun eşi...

Mən qürbətdə ölərsəm

qəlbinə salma çilə

Söylə, dostlar gömməsin

nəşimi torpaqlara.

Yaxaraq vücudumu kül edib

verin yelə,

Bəlkə, bir zərrə alsın ruzgar

bizim dağlara.

Mən ölmək istəməm,

görmədən doğma yurdu,

Mən orda ağlamışam,

mən orda güləcəyəm.

Söylə, qoy sevinməsin

Kremlin vəhşi qurdu,

Bakı

Bir zamanlar adına eşq oxudum ellərə,

Şimdi artıq qəlbimin içində inlə, Bakı...

Uğrunda çarpışanlar qolları bağlı getdi,

Mən yanaraq kül oldum sənin dərdinlə, Bakı...

Bir gün istiqlal dedin, biz atıldıq qovğaya,

Sən bağrında qanlı bir yer açdın Moskvaya,

Kim dedi çevriləsən leş qoxan bir yuvaya?

Kim dedi bir mujikin əmrini dinlə, Bakı?

Dünyanın atəş dolu sinəsi mənəm deyə,

İlk olaraq atəşi verdin Prometeyə...

O zəncirləndi Qafa, sana

can deyə-deyə,

Gömüldü könüllərə eşqi səninlə, Bakı...

Sən zümrüd bir tac ikən

bizim qoca Qafqasa,

Düşmənə sevinc verdin,

bizi düşürdün yasa.

Eşqimi qanla boğdu, mən dostmu deyim rusa?

Odlu köksüm qabarmış daşan

bir kinlə, Bakı...

Yanarkən Səbayeldə hər axşam yaşıl mayak,

Yolumu illər ilə gözləyən annəm oyaq...

Taleyə bax, uzaqlar yaxın,

yaxınlar uzaq,

Uzaq dağlar ardından gəl məni dinlə, Bakı...

Mən tufanla doğuldum, tufanla öləcəyəm!..

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr