“Zirə” Azərbaycan Premyer Liqasında gümüş medalları təmin edib. 33-cü turda “Turan Tovuz”la oyunda qələbə qazanan (1:0) “qartallar”ın sona üç tur qalmış ikinci olacağı dəqiqləşib.
“Zirə” bəlkə də, tarixinin ən yaxşı mövsümünü keçirir. Baxımlı futbol oynayan, müdafiədə etibarlı, hücumda kəsərli olan “qartallar” çempionatın son dövrəsində yüksəlişə qalxdı və üçüncü pillədəki “Araz-Naxçıvan”ı bir oyun çox keçirməklə 13 xal qabaqlayır. Naxçıvan təmsilçisi qələbə qazansa belə, fərq 10 olacaq.
Rəşad Sadıqovun rəhbərliyi altında “qartallar” 21 qələbə qazanıb, 4 heç-heçə edib. Çempionatda 56 qol vuran qəsəbə təmsilçisi qol sayında “Qarabağ”dan sonra ikincidir.
“Zirə”də bundan sonrakı hər oyun avrokuboklara hazırlaşmaq baxımından mühüm olacaq. Lider “Qarabağ” Azərbaycan Kubokunun finalında “Sabah”ı məğlub etsə, “Zirə” Avropa Liqasına yollanacaq. Əks halda isə komanda Konfrans Liqasında mübarizə aparacaq. Sadıqovun komandaya aşıladığı sistem artıq oturub və komanda nizamlı oyun sərgiləyir.
“Zirə”də qarşıda duran əsas məsələlərdən biri də heyəti qorumaqdır. Xüsusilə bu mövsüm komandanın nəticələrində böyük pay sahibi olan Salifu Sumanın adı İngiltərə, Fransa, Ukrayna, Rusiya klubları ilə hallanır və onu komandada saxlamaq çətin olacaq. Suma 12 qolla çempionatda bombardirlər siyahısında 2-ci sıradadır.
Şahin Cəfərov