AZ

Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...


Elxan Əliyev: “Kredit dərəcələrindəki artım avtomobil bazarına təsir edəcək”

Azərbaycanda avtomobil kreditləri bahalaşıb. Mərkəzi Bankın məlumatına görə, bu ilin I rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 % təşkil edib.

Bu, ötən ilin sonu ilə müqayisədə 2 faiz bəndi yüksəkdir. Ancaq maraqlı məqam ondan ibarətdir ki, digər sahələr üzrə kredit faizi avtomobil alışı ilə müqayisədə daha da yüksəkdir. Belə ki, yanvar-mart aylarında məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faizi dəyişməyərək 25 % qalıb, yaşayış sahələrinin təmiri üçün verilən kreditlərin orta faizi isə 16 % (dəyişməyib) təşkil edib.

Ekspertlər hesab edir ki, bu gün Bakı şəhərində müşahidə edilən nəqliyyat sıxlığının əsas səbəbi elə avtomobil alışının daha əlçatan olmasıdır. Avtomobil kredit faizi yüksək olarsa, həm nəqliyyat sıxlığı azalar, həm də ekologiya az zərər dəyər. Banklar avtomobil krediti üçün tərtib etdikləri qaydanı mənzil alışı, biznesin inkişafı, ipoteka krediti, ev təmirinə yönəltsə daha yaxşı olar.

“Banklar avtomobil kredit faizini artırıb, əvəzində vətəndaşlar üçün daha lazım olan digər kreditləri yüngülləşdirməlidir”

Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kredit dərəcələrindəki artım avtomobil bazarına təsir edəcək: “Avtomobil kreditlərinin faiz dərəcəsinin yüksəlməsi bazarda yeni avtomobillərə tələbi azaldacaq. Məlumdur ki, nağd satış vətəndaşa sərf etmədiyi üçün kreditə müraciət edir. Banklarda vətəndaşların bu marağını nəzərə alıb, avtomobil kredit siyasətində dəyişiklik edir. Məlumdur ki, bu gün maşın almaq elə də çətin deyil. Cuzi ilkin ödəniş edib, daha sonra aylıq ödəniş ödəmək şərtilə avtomobil almaq olur. İlkin ödənişin məbləği avtomobilin markasına, ilinə görə dəyişir. Məlumdur ki, son illər ölkədə, xüsusilə də Bakıda hərəkət edən avtomobillərin sayı sürətlə artır. Bu gün paytaxt Bakıda tıxac problemi günün istənilən saatında müşahidə edilir. Bu gün də küçələr tıxacla doludur. Elə küçələr var ki, pik saatlar olmasa belə, tıxaclar olur. Təbii ki, avtomobillərin sayının artması isə yeni tıxac deməkdir. Mən demirəm insanlar maşın sürməsin, almasın. Sadəcə bunu xarici ölkələrdə olduğu kimi tətbiq etmək lazımdır. Insanlar yaxın məsafəyə metro və digər ictimai nəqliyyatla gedə bilər. Avtomobildən isə ancaq rayonlara, uzaq məsafəyə gedəndə istifadə edilə bilər”.

Həmsöhbətimiz hesab edir ki, banklar avtomobil kredit faizini artırıb, əvəzində vətəndaşlar üçün daha lazım olan digər kreditləri yüngülləşdirməlidir. Bu məsələ rəsmi şəkildə müzakirə edilməlidir.

Günel CƏLİLOVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr