AZ

Vəsiyyətnamə və ya bağışlama – Hansı hüquqi yol daha məqsədəuyğundur?

  Son dövrlərdə valideyn dünyasını dəyişdikdən sonra övladlar arasında mövcud olan əmlakın bölgüsü ilə bağlı mübahisələr artım dinamikasındadır. Bu problem yaşanmaması üçün valideyn sağikən nə etməldir? Qanuna görə, əmlakı  bağışlamaq, yoxsa vəsiyyət etmək daha doğrudur? 
Bu barədə Moderator.az-a danışan  Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Eminli Rusif bildirib ki,  Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir:
“Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qeyd olunan qanun norması o mənaya gəlir ki, ölən şəxs sağikən vəsiyyətnamə qoymadıqda vərəsələr qanun üzrə vərəsə sayılacaqlar. Qanun üzrə vərəsələrin payları bərabərdir.  Qanun üzrə vərəsələr aşağıdakı şəxslər ola bilərlər:  
  Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.
 İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
 Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
 Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
 Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları”.
 
Vəkil  bir  məqamı vurğulayıb ki,  əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən “fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd olunan qanunvericilik norması o mənaya gəlir ki, fiziki şəxs sağikən vəsiyyətnamə tərtib edərkən həmin vəsiyyətnamədə istədiyi şəxsi (şəxsləri) vərəsə kimi göstərə bilər. Burada vacib məqam odur ki, vəsiyyətnamədə vəsiyyət edənin uşaqları, valideynləri və arvadı vərəsə kimi göstərilməsə belə onların mirasda məcburi payı vardır”.
 
Vəkil onu da əlavə edib ki, bununla yanaşı valideyn sağ ikən əmlakın bölgüsü ilə bağlı gələcəkdə yarana biləcək mübahisəni “bağışlama müqaviləsi” yolu ilə də qismən hədd edə bilər:
 “Bağışlama müqaviləsi nədir? Bağışlama müqaviləsi sağikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Qeyd olunan qanun norması belə mənaya gəlir ki, bağışlayan öz mülkiyyətində olan əmlakı istədiyi şəxsə bağışlama müqaviləsi yolu ilə bağışlaya bilər. Burada diqqət edilməli olan məsələ odur ki, bağışlanan əşya ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış əşya olmamalıdır. Diqqət edilməli digər məsələ ondan ibarətdir ki, əgər bağışlanan əşya daşınmaz əmlakdırsa bu zaman bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Bağışlanan əmlak daşınar əşya olduqda və bu əşya daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdırsa bu zaman da bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməli və daşınar əşya hədiyyə alana verilməlidir”.
 
Mehin Mehmanqızı
Seçilən
0
moderator.az

1Mənbələr