ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Kosmik Stansiyanın (BKS) maliyyələşdirilməsini azaltmağı və 2030-cu ilə qədər onun istismardan çıxarılmasına hazırlığa başlamağı təklif edib.
“Report” xəbər verir ki, bu barədə Ağ evin açıqladığı 2026-cı maliyyə ili (ölkədə oktyabrın 1-də başlayır) üçün Amerika federal büdcəsinin layihəsində qeyd olunub.
Sənəddən bəlli olur ki, ABŞ administrasiyası BKS-in “ekipaj sayının” və onun göyərtəsində aparılan elmi eksperimentlərin sayının azaldılması hesabına federal xərcləri 508 milyon dollar azaltmağı planlaşdırır. Eyni zamanda, “2030-cu ilədək stansiyanın təhlükəsiz şəkildə istismardan çıxarılmasına və onun kommersiya kosmik stansiyaları ilə əvəz edilməsinə hazırlığa” başlamaq təklif olunur.
Astronavtların BKS göyərtəsindəki elmi fəaliyyətinin “Ay və Marsın mənimsənilməsi proqramları” üzərində cəmləşəcəyi nəzərdə tutulur.
Bununla yanaşı, Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) BKS-i əvəz etməli olan kommersiya orbital platformalarının inkişafına yönələcək.