Vaşinqtonun birtərəfli sanksiyaları səbəbindən ABŞ-nin "Chevron" şirkəti Venesueladan ABŞ-yə neft nəqlini dayandırmaq məcburiyyətində qalıb. Lakin bu həcmlər başqa bazarlara yönəldilib.
“Report” xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mayk Virt telekonfrans zamanı bildirib.
"Bizim bu ölkədə uzun tariximiz var. İnanırıq ki, mövcudluğumuz Venesuelaya faydalı olub, Birləşmiş Ştatlara faydalı olub. Biz Donald Tramp administrasiyasının ilk dövründən Bayden administrasiyasına qədər OFAC sanksiyalarının müxtəlif formaları altında fəaliyyət göstərmişik və indiki administrasiyaya qədər davam etmişik. Son dəyişikliklər bizim vergiləri və qonorarları ödəyə bilməməyimizlə nəticələndi. Venesuelanın ABŞ-yə neft tədarükü dayandırıldı. Onlar hələ də davam edir, sadəcə başqa bazarlara göndərilirlər”, – şirkət rəhbəri söyləyib.
Virtin fikrincə, Çin Venesuela neftinin ən böyük idxalçısıdır və "Venesuela hökumət rəsmilərinin bu həftə Çində Çinə satışın artırılması imkanlarını müzakirə etdiyi barədə mediada xəbərlər var".