AZ

"İran uranı zənginləşdirməkdən imtina etməlidir" - ABŞ Dövlət katibi

"İran amerikalıların istənilən obyektə nəzarət etməsi zərurətini qəbul etməlidir..."
 
ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun İranla bağlı mövqeyini bir neçə əsas tezislə açıqlayıb. Əsas tələb İranın uranı zənginləşdirməkdən tamamilə imtina etməsidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "news.liga.net" nəşri  yayıb.
 
"Əgər siz 3,67 faizə qədər zənginləşdirmə imkanına maliksinizsə, bir neçə həftəyə 20 faizə, sonra 60 faizə, ardınca isə silah istehsalı üçün lazım olan 80-90 faizə çata bilərsiniz", - Rubio vurğulayıb. O, qeyd edib ki, İran enerji proqramı üçün lazım olan nüvə yanacağını xaricdən idxal edə bilər, lakin onu ölkə daxilində heç bir səviyyədə zənginləşdirməməlidir.
 
Rubionun sözlərinə görə, İran həmçinin uzaqmənzilli raketlərin hazırlanmasını dayandırmalı və terrorçu qruplaşmalara dəstək verməməlidir. "Onlar terrorçulara sponsorluqdan, husilərə yardımdan və yalnız nüvə silahı məqsədi güdən uzaqmənzilli raketlərin istehsalından əl çəkməlidir" - o, bildirib.
 
Digər əsas tələb ABŞ müfəttişlərinin İran obyektlərinə, o cümlədən hərbi obyektlərə qeyd-şərtsiz giriş hüququna malik olmasıdır. Dövlət katibi əlavə edib ki, İran amerikalıların istənilən obyektə nəzarət etməsi zərurətini qəbul etməlidir.
 
Mart ayının əvvəlində ABŞ prezidenti Donald Tramp İranın ali rəhbəri Əli Xameneiyə məktub göndərərək nüvə proqramı ilə bağlı razılaşma təklif edib və razılaşma baş tutmazsa, hərbi əməliyyat təhlükəsi ilə xəbərdarlıq edib. 
 
Tərəflər arasında son bir ayda dolayı danışıqlar aparılıb. Bu şənbə Romada keçirilməsi planlaşdırılan dördüncü raund qeyri-müəyyən müddətə təxirə salınıb.
 
Martın 30-da İran ABŞ-la birbaşa danışıqlardan imtina edib, Tramp isə Tehrana "bombardman" və "ikinci dərəcəli rüsumlarla" hədələyib. Aprelin 10-da Tramp bəyan edib ki, əgər danışıqlar uğursuz olarsa, İsrail İrana qarşı zərbələrə rəhbərlik edəcək.
 
Aprelin 11-də isə İran bildirib ki, ABŞ-la aparılan nüvə danışıqlarını "diplomatiya üçün real imkan" kimi qiymətləndirir. Aprelin 12-də Oman Sultanlığında ABŞ və İran arasında danışıqlar keçirilib. Mayın 1-də isə nüvə proqramı üzrə növbəti danışıqlar raundunun "logistika səbəbindən" təxirə salındığı məlum olub.
Seçilən
0
moderator.az

1Mənbələr