AZ

Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlanıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 2-də davam etdirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri və sualları cavablandırması ilə davam etdirilib.

Zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev Ermənistan silahlı qüvvələrinin kəndə hücumlar etməsi, mülki şəxsləri və avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, onların qətlə yetirilməsi və s. barədə danışıb və kəndin işğalı ilə bağlı sualları cavablandırıb.

“Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin”, - deyə R.Quliyev qeyd edib.

O, Qaradağlı kəndi işğal olunan zaman özünün, atasının və anasının Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib. Zərərçəkmiş şəxs kəndə hücum edənlər arasında muzdluların da olduğunu deyib.

R.Quliyev Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında özünün, atası Əlastan Quliyevin digər azərbaycanlılarla birlikdə “KamAZ”lara yığılaraq Xankəndiyə aparıldığını, yolda “Bəylik bağı” adlanan yerdə maşını saxlayaraq girovların bir qisminin qətlə yetirildiyini bildirib.

Zərərçəkmişin atası Ə.Quliyev bir müddət girovluqda qalandan sonra Ermənistan hərbçilərinin verdiyi işgəncələr nəticəsində ölüb. “Anam 13 gün girovluqda saxlanıldıqdan sonra qaytarıldı. Mən isə 45 gündən sonra girovluqdan azad edildim. Girovluqda olan zaman bizi hər gün axşam döyürdülər. Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək, sağ qalaq. Amma işgəncə verməkdə davam edirdilər”, - deyə o əlavə edib.

R.Quliyev yaralı ola-ola ona işgəncə verildiyini də vurğulayıb.

Zərərçəkmiş şəxs, Xocavənd rayonunun Axullu kənd sakini Namik Hüseynov təqsirləndirilən şəxsləri televiziya vasitəsilə tanıdığını söyləyib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən o, vaxtilə Hadrutda kinomexanik işlədiyini, 1988-ci ildən Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana verilməsi barədə erməniəsilli əhali arasında təbliğatların başlandığını bildirib.

N.Hüseynov 1989-cu il sentyabrın 25-də qanunsuz erməni silahlı birləşmələrinin azərbaycanlıların məktəbinə hücum etməsi və həmin vaxt yaralanması barədə də danışıb: “Gördüm İsanı öldürəcəklər, mən də yaxınlaşdım. İndiki kimi yadımdadır, qırmızı geyimdə beş nəfər çıxdı. Orada bizi vəhşicəsinə döydülər. Bu barmağımı görürsünüz? Onu həmin vaxt sındırdılar. Başımı partlatmışdılar, sonradan 13 tikiş qoyuldu”.

Zərərçəkmiş şəxs, Qaradağlı Kənd Xalq Deputatları Sovetinin sədri olmuş Cavay Hüseynov ifadəsində Ermənistan silahlı qüvvələrinin kəndə dəfələrlə hücum etməsindən və özünün yaralanmasından danışıb. Zərərçəkmiş bildirib: “İnsanlar təsərrüfatla, heyvandarlıqla məşğul idilər. Onlar heç bir müharibə, münaqişə istəmirdilər”.

C.Hüseynov Qaradağlı kəndinin ətrafındakı yaşayış məntəqələrinin sakinlərinin erməniəsilli olduqlarını, 1990-cı ilin noyabrından başlayaraq Qaradağlıya giriş-çıxışda ciddi maneələrin yarandığını bildirib. Bu səbəbdən də Qaradağlıya ərzaq vertolyotlarla daşınırmış. Zərərçəkmiş qeyd edib ki, bir müddət sonra Ermənistan silahlı qüvvələri vertolyotların da hərəkətinə imkan verməyib. 1992-ci il yanvarın 9-da o, Ağdamdan Qaradağlı kəndinə ərzaq gətirərkən vertolyot Ermənistan hərbçiləri tərəfindən atəşə tutulub.

C.Hüseynov kəndin “Alazan” raketləri, pulemyotlar və avtomatlar ilə mütəmadi şəkildə atəşə tutulduğunu, nəticədə ölənlərin və yaralananların olduğunu bildirib.

Zərərçəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman 1992-ci il yanvarın məlumatlarına istinad edərək həmin vaxt Qaradağlı kənd sakinlərinin sayının 1166 nəfər olduğunu söyləyib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Fasilədən sonra təqsirləndirilən şəxs Davit İşxanyan Xocavənd rayonunun işğalı ilə bağlı dövlət ittihamçılarının suallarını cavablandırıb. O, Xocavənd rayonunun Heşan kəndində dünyaya gəldiyini, həmin kənddə əhalinin 600-650 nəfər olduğunu bildirib. O, bacısının və Qriqori İşxanyan adlı qardaşının olduğunu vurğulayaraq deyib: “Qriqori təxminən 1988-1990-cı illərdə Levon Mirzoyan adına kolxozun mühasibi olub”.

O, suallara cavabında Emil Balayanı tanıdığını, onun kolxoz sədri olduğunu deyib və əlavə edib: “Amma qardaşım mühasib olanda rəhbər deyildi, sonradan kolxoza rəhbər təyin olundu”.

Növbəti suallara cavabında isə o, 1991-ci il iyunun 26-27-də Qaradağlı kəndində olmadığını iddia edərək bildirib: “İyunun 26-da gələcək həyat yoldaşımın ad gününü qeyd etmək üçün Xankəndiyə getmişdim”.

Seçilən
0
13
aznews.az

10Mənbələr