Bəhruz Quliyev: “Hindistanın bu mövqeyi bir sıra suallar doğurur”
Məlum olduğu kimi, bir neçə gün əvvəl Cammu və Kəşmirin Hindistana aid ərazisində terror aktı baş verdi.
Hindistan olayı araşdırmadan, əlində heç bir fakt olmasan terror hadisəsindən dərhal sonra Pakistanı ittiham etdi ki, terroru bu ölkə törədib. Pakistan da öz növbəsində bu terror hadisəsi ilə heç bir əlaqəsi olmağını bəyan etdi və bildirir ki, bu işin araşdırması ilə beynəlxalq qrup məşğul olsun. Hindistan isə hələ ki, buna razılıq vermir. Hindistanın buna razılıq verməməsinin səbəbi nədir?
Bu terrorda Pakistanın əlinin olmadığının üzə çıxmasından qorxub beynəlxalq ekspertlərə terror aktı ilə bağlı araşdırma aparmasına icazə vermir? Hindistan Pakistanın bu işdə əli olmadığını bildiyi üçün özü təkbaşına araşdırır ki, Pakistana şər atsın?
“Əgər Hindistan terror aktının arxasında Pakistanın dayandığını düşünürsə, nə üçün beynəlxalq istintaqdan çəkinir?”
“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Hindistanın heç bir araşdırma aparılmadan dərhal Pakistanı ittiham etməsi doğru yanaşma deyil. “Əvvəlcə qeyd edim ki, Cammu və Kəşmirin Hindistan nəzarətində olan hissəsində baş vermiş son terror hadisəsi bölgədə siyasi və təhlükəsizlik baxımından ciddi narahatlıq doğurub. Hadisənin ardınca Hindistan tərəfi heç bir araşdırma aparmadan Pakistanı bu terror aktında ittiham edir.
Xatırladım ki, Pakistan isə bu ittihamları qətiyyətlə rədd edərək, baş verən hadisənin beynəlxalq ekspertlər tərəfindən araşdırılmasını təklif edir. Bununla belə, Hindistan beynəlxalq istintaq qrupunun iştirakına razılıq verməyərək, araşdırmanın yalnız öz daxili strukturları tərəfindən aparılacağını bildirmişdir. Hindistanın bu mövqeyi bir sıra suallar doğurur. Əgər Hindistan terror aktının arxasında Pakistanın dayandığını düşünürsə, nə üçün beynəlxalq istintaqdan çəkinir? Və ya Hindistanın beynəlxalq müşahidəçiləri qəbul etməməsi, hadisənin əsl mahiyyətinin üzə çıxacağından narahatlıq duyduğunu göstərirmi?”
B.Quliyevin sözlərinə görə, bu kimi hadisələrin beynəlxalq hüquqa və obyektiv təhqiqat prinsiplərinə uyğun araşdırılması, regional sabitlik və etimad mühitinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır: “Düşünürəm ki, bu məsələdə kənar qüvvələrin də rolu danılmazdır. Çünki iki tərəf arasında qızışdırıcı simptomların olduğu hiss olunur. Sanki sönmüş münaqişə ocağını alovlandırmaq niyyəti hiss olunur. Bu isə regiona yaxşı heç nə vəd etmir”.
İradə SARIYEVA