“Azərbaycan, coğrafi mövqeyi və xüsusilə Orta Dəhliz çərçivəsində infrastruktur sahəsinə qoyulan mühüm investisiyalar sayəsində Şərq və Qərbin kəsişməsində strateji əhəmiyyətə malik bir logistik mərkəzdir. Bu dəhliz Asiya, Avropa və digər regionlar arasında ticarət və tranziti asanlaşdırır, Azərbaycan bu ərazilər arasında əlaqələrin qurulmasında mühüm rol oynayır”. Bu fikirləri ispaniyalı ekspert, Panavropa İttifaqının baş katibi Karlos Uriarte Sançes səsləndirib.
O qeyd edir ki, Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Ticarət Limanı və Heydər Əliyev Beynəlxalq Aeroportunda genişlənmiş yükləmə terminalları da daxil olmaqla, öz nəqliyyat infrastrukturuna əhəmiyyətli sərmayələr qoyub ki, bu da onun tranzit yüklərini emal etmə qabiliyyətini artırır: “Bundan əlavə, Ələt Azad İqtisadi Zonası Azərbaycanın Avropa və Asiya arasında logistik zəncirlərdəki mövqeyini gücləndirir və tranzit ticarəti ilə məşğul olan bizneslər üçün əlverişli mühit yaradır. Yollar, limanlar və dəmir yolları sahəsində aparılan investisiyalar sayəsində müxtəlif nəqliyyat marşrutları təklif olunur”. Ekspertə görə, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi nəqliyyat dəhlizlərinin inkişafı, ilk növbədə, İspaniya biznesi üçün logistika, infrastruktur və ticarətin dəstəklənməsi sahələrində mühüm imkanlar açır: “Bu dəhlizlər Asiya və Avropanı birləşdirir, daha qısa tranzit müddətləri, ticarət və investisiyaların artırılması imkanları təklif edir. Nəticə olaraq, bu nəqliyyat dəhlizlərinin inkişafı, öz fəaliyyətlərini genişləndirmək və regionda artan ticarət və investisiya imkanlarından faydalanmaq istəyən İspaniya şirkətləri üçün perspektivli bir imkan təşkil edir. İspaniyanın logistika, infrastruktur və ticarətin dəstəklənməsi sahəsindəki təcrübəsi, bu marşrutların tam potensialının həyata keçirilməsində mühüm rol oynaya bilər, iqtisadi artım və regional əlaqəliliyi təşviq edər”. Bütün bunlar o deməkdir ki, Zəngəzur dəhlizinə Avropada da böyük maraq var. Buna səbəb odur ki, Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu olacaq. Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi Asiyanın Avropa və Yaxın Şərqlə əlaqəsini qısaldacaq. Ümumiyyətlə, Zəngəzur dəhlizi Sakit və Atlantik okeanları arasında ən qısa yol hesab olunur, həmçinin Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yollarının kəsişməsində yerləşir. Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən nəqliyyat əlaqələrində önəmli rol oynayacaq. Həmçinin Zəngəzur dəhlizinin işə salınması həm də Orta Dəhlizin inkişafını təmin edəcək. Bu isə Qara dənizdən Qafqaz və Mərkəzi Asiyadan keçməklə Hindistan, Çin və Şərqi və Cənubi Asiyanın digər ölkələrinə qədər bütün regionun iqtisadiyyatına müsbət təsir göstərəcək.
Bütün bunla fonunda Ankaranın Medipol Universitetinin Siyasi elmlər fakültəsinin professoru Qüdrət Bülbül vurğulayır ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan və ya Türkiyə üçün deyil, bütövlükdə region üçün vacibdir: “Bu gün belə mühüm təşəbbüsün həyata keçirilməsi üçün “qızıl imkan” yaranıb ki, bu, şübhəsiz, regionumuzda həm uzunmüddətli sülhün, həm də inkişafın təmin edilməsinə mühüm töhfə olacaq”. Onun sözlərinə görə, nəqliyyat-logistika infrastrukturunun əhəmiyyətindən təkcə dövlət rəsmiləri deyil, ictimaiyyət nümayəndələri, alimlər də danışmalıdırlar. Bülbül Zəngəzur dəhlizinin gec-tez reallaşacağına əminliyini ifadə edib: “Bütün ölkələr artıq bu gün yeni marşrut amili nəzərə alınmaqla öz siyasətlərini formalaşdırmalıdırlar, çünki Zəngəzur dəhlizinin işləməsinin müsbət təsirini hər yerdə hiss edəcəklər”. Türkiyəli ekspert vurğulayıb ki, bölgə üçün belə mühüm şansı əldən vermək olmaz: “Otuz il ərzində biz Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdırırdıq və bu gün də gəlib çatdı. Əminəm ki, Zəngəzur dəhlizinin açılışına da eyni ümidlə yanaşmaq və hədəfə nail olmaq lazımdır”. Zəngəzur dəhlizinin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, həmçinin türk dünyasının əlaqələrini xeyli möhkəmləndirəcək. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfələr verib. Zəngəzur dəhlizi də Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən mühüm beynəlxalq nəqliyyat arteriyasının bir hissəsi hesab olunur. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Lakin eyni zamanda da bu dəhliz Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına səbəb olacaq. Bu gün dəhlizin açılmasını Çin, Avropa, regional qüvvələr istəyir. Çünki dəhlizin açılması yeni iqtisadi imkanlar vəd edir.
Ramil QULİYEV