Qulamhüseyn Əlibəyli: “Bu, birinci növbədə artıq müharibədən Trampın əldə etdiyi nəticə ilə əlaqədardır”
ABŞ-də 72 senator Rusiyanın sülh danışıqlarından imtina etdiyi təqdirdə ona qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Bu barədə təşəbbüsün müəlliflərindən biri, respublikaçı senator Lindsi Qrem məlumat verib.
Sənədin həmmüəlliflərinin sayı 60 nəfəri keçib, bu da onun Senatda qəbul olunması üçün kifayət edir. Qanun layihəsini imzalayanlar arasında hər iki partiyanın liderləri - respublikaçı Con Tyun və demokrat Çak Şumer də var. Qrem ümid edir ki, həftəsonuna qədər sənədin həmmüəlliflərinin sayı 67-yə çatacaq. Bu isə qanunla bağlı prezident Donald Trampın mümkün vetosunun qarşısını almağa imkan verəcək.
“Məqsəd prezidentə kömək etməkdir”, - Trampın yaxın müttəfiqi sayılan senator Qrem bildirib. Qanun layihəsi həm ilkin, həm də ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Xüsusilə, Rusiya nefti, qazı, uranı və ya neft məhsullarını alan ölkələrdən idxala 500 faizlik gömrük rüsumlarının tətbiqi təklif olunur.
Görünən odur ki, ABŞ Senatının mütləq əksəriyyəti prezident Trampın Rusiyaya qarşı yumuşaq mövqe tutmasına qarşıdır. Ümumilikdə, bütün bunlar nə vəd edir?
“Faktiki olaraq belə demək mümkünsə, Ukrayna Rusiya ilə ABŞ arasında bölünüb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Konqresdəki növbəti təşəbbüs ilk baxışdan Trampla Senat arasında müəyyən rəqabət olduğunu göstərsə də, mahiyyət etibarı ilə ABŞ prezidentinin mövqeyini gücləndirən məsələdir: “Çünki indiyə qədər də ABŞ Konqresi sanksiyalara qoşulub. Rusiyaya qarşı müəyyən sanksiyaların qəbul olunmasında vacib rol oynayıb. Həmçinin, Tramp həmin sanksiyaları aradan qaldırmaq imkanına malik deyil. Çünki Konqresin mövqeyi məlumdur və Tramp ondan kənara çıxa bilməz. İndinin özündə də artıq Tramp tədricən Rusiyaya qarşı mövqeyini sərtləşdirməyə çalışır. Niyə? Hesab edirəm ki, bu, birinci növbədə artıq Ukrayna müharibəsindən Trampın əldə etdiyi nəticə ilə əlaqədardır. Çünki Tramp artıq Ukrayna ilə birbaşa danışıqlara başladı. Bu ölkənin təbii sərvətlərinin birgə istismarı haqqında artıq razılıq əldə olunub. Faktiki olaraq belə demək mümkünsə, Ukrayna Rusiya ilə ABŞ arasında bölünüb. Yəni dünyanın yenidən bölüşdürülməsi prosesi əslində Ukraynada başlamış oldu. İndiki halda Trampa, ABŞ-a sərf edir ki, arada müəyyən bir sabitlik olsun və Ukraynanın təbii sərvətlərinin istismarı məhz ABŞ-ın niyyətlərinə uyğun həyata keçirilmiş olsun. Ona görə də Rusiyanı yeni sanksiyalarla təhdid edirlər. Atəşkəsə getməyəcəyi halda problemlərlə üzləşəcəyi ilə hədələyirlər. Bunu növbəti sanksiyaların anonsu kimi də qiymətləndirmək olar. O mənada ki, Birləşmiş Ştatlar öz maraqlarının müəyyən bir hissəsini təmin edib. Hesab edirəm ki, gələcəkdə də digər sahələrə əl qoymaq, ABŞ-ın iştirakını təmin etmək şərti ilə Rusiyanın təklənməsindən söhbət gedə bilər. O məqsədlə ki, Rusiya ABŞ-la Ukrayna arasında əldə edilən sazişə mane olmağa cəhd göstərməsin. Bir sözlə, mahiyyət etibarı ilə bu cür sanksiyaların tətbiqi tamamilə mümkün olan bir məsələdir. Baxmayaraq ki, Rusiya da birbaşa danışıqlara tərəfdar olduğunu bildirib, amma faktiki olaraq müharibə davam edir. Ona görə də hesab edirəm ki, nə qədər ABŞ Ukraynada təbii sərvətlərin istismarı prosesinə başlamayıb hələ müəyyən müddət Moskva-Kiyev gərginliyi davam edəcək. Ondan sonra artıq ABŞ-ın, həm də Rusiyanın maraqlarına uyğun proseslər davam edə bilər”.
Vidadi ORDAHALLI