Pekin, 2 may, AZƏRTAC
Azərbaycan Prezident İlham Əliyev Çin lideri Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünə ilk cavab verən ölkələrdən biri olub və bu təşəbbüs çərçivəsində Cənubi Qafqazda çox mühüm mərkəz ölkə kimi çıxış edir. Azərbaycan xüsusilə nəqliyyat, o cümlədən quru və dəniz marşrutları baxımından Cənubi Qafqazda mühüm coğrafi mövqeyə malikdir. O Xəzər dənizində əsas nəqliyyat qovşağıdır. Bakı Xəzərin ən mühüm liman şəhərlərindən biri kimi mühüm strateji əhəmiyyətə malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Çin Dövlət Şurası yanında İnkişaf Mərkəzinin Avrasiya Cəmiyyətinin İnkişafı üzrə Tədqiqat İnstitutunun direktor müavini Su Tao bildirib.
Azərbaycan və Çin arasında “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın ilk növbədə nəqliyyat və logistika sahəsinə əsaslandığını bildirən Su Tao bu əməkdaşlığın Cənubi Qafqaz regionunun ümumi infrastrukturunun inkişafı və iqtisadi yüksəlişi üçün həyati əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq Çin üçün ticarət məhdudiyyətlərini və tariflərini aşmaqda, dünyaya açılmağa davam etməkdə və qlobal ticarət niyyətlərini inkişaf etdirməkdə həlledici rol oynayır.
“Ona görə də hesab edirəm ki, Çin ilə Azərbaycan arasında, xüsusən də “Bir kəmər, bir yol” çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın böyük perspektivləri var. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı Çin ilə Azərbaycan arasında bir çox mühüm sənədlər imzalandı. Təbii ki, bunlardan ən əlamətdarı Çin və Azərbaycan arasında Hərtərəfli Strateji Tərəfdaşlığın yaradılması haqqında sənəddir. Qlobal miqyasda Çinin bu cür tərəfdaşlıqları məhdud saydadır və Cənubi Qafqaz regionunda Azərbaycan Çinlə belə münasibəti quran ilk ölkədir ki, bu da onu xüsusilə əhəmiyyətli edir”, - deyə çinli ekspert əlavə edib.
Su Taonun sözlərinə görə, imzalanan digər mühüm sənəd beynəlxalq multimodal daşımalar haqqında sazişdir: “Bu çox əhəmiyyətli sənəddir. Çünki, o Çin və Azərbaycan arasında nəqliyyatda, xüsusən də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında əməkdaşlığın təşviqində istiqamətləndirici rol oynayacaq”.
Pekin