BAKI, 2 may. TELEQRAF
Bu gün Nizami Kino Mərkəzində “İki yüz illik gizli tarix” tammetrajlı sənədli filminin təqdimatı keçirilib.
Teleqraf xəbər verir ki, film Azərbaycan Bəhai İcmasının tarixi inkişaf mərhələlərini və bu prosesdə iştirak etmiş şəxslərin hekayələrini əks etdirir.
Ssenari müəllifi və quruluşçu rejissoru Musazadə Kəmalə olan film Azərbaycan Bəhai İcması və Milli Kino mərkəzinin əməkdaşlığı nəticəsində istehsal edilib.
Filmdə Azərbaycanda maarifçilik hərəkatının aparıcı simalarının, həmçinin Hüseyn Cavidin, Mirzə Ələkbər Sabirin, Cəfər Cabbarlının, Əbdülxaliq Yüsifzadənin, Musa Nağıyevin, Əli Əkbər Naxçıvaninin, Əzizə Cəfərzadənin Bəhai dini ilə olan münasibətlərinə də yer verilmişdir.
Təqdimatda icma üzvləri, ictimaiyyətin nümayəndələri iştirak edib.
Qeyd edək ki, XIX əsrin ortalarında İranda yaranan Bəhailik meydana çıxdığı ilk dövrdən bəri Azərbaycanda da sürətlə yayılıb.