AZ

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...


Bütün sahələrdə olduğu kimi ali təhsil sahəsində də yeni çağırışlar mövcuddur. Azərbaycan universitetlərinin hansı dərəcədə dövrün çağrışlarına cavab verməsi məsələsi daim müzakirə edilir. Əlbəttə, buna bir mənalı yanaşmaq mümkün deyil. Çünki hər ali məktəbin özünün ayrıca siyasəti var, ayrıca inkişaf proqramları mövcuddur.

Son illər gündəmdə olan vacib məsələlərdən biri universitlərimizin beynəlxalq əlaqələri ilə bağlıdır ki,hər bir universitetin hədəfi bu münasibətləri yaratmaqdır. Ali təhsil müəssisəsi arasında beynəlxalq əlaqələr quran, xarici universitetlərlə tələbə mübadiləsi aparan, ikili diplom sahəsində uğurlar qazanan ali məktəblərimiz də var ki, onlar dünyanın müxtəlif univeritetləri ilə tələbə mübadiləsi proqramı həyata keçirir. Belə universitetlərdə beynəlxalq standartlara uyğun müasir texnologiyaların tətbiqi sahəsində mühüm addımlar atılır, tədirisin inkişafına xüsusi diqqət göstərilir.

Məlum olduğu kimi, hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və “Xəzər” Universiteti və digər ali təhsil müəssisələrinin beynəlxalq əlaqələri var və onlar müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq edirlər.

“...Universitetlərin beynəlxalq standartlara uyğunluğu...”

Millət vəkili Ceyhun Məmmədovun fikrincə, bu gün Azərbaycan universitetlərinin dünya universitetləri ilə əməkdaşlıq etməsi çox önəmlidir: “Bu birmənalı olaraq, əlaqələrimizin inkişafına və təcrübə mübadiləsinin artmasına öz ciddi töhfələrini verən bir məsələdir. Biz bunu praktikada və reallıqda açıq şəkildə görürük. Bu da bizim üçün çox geniş imkanlar yaradır. Universitetlərin reytinqlərini ölçmək üçün müəyyən meyarlar var.

Bu meyarlar əsasında universitetlərin beynəlxalq standartlara uyğunluğuvə reytinqi müəyyən edilir. Bura bir çox məsələlər, o cümlədən, universitetlərin tədqiqatları, alimlərin fəaliyyəti, məzunların işlə təminatı, xarici tələbələrin təhsil alması, yataqxana və s. aiddir. Məhz bu kimi nüanslar əsasında qiymətləndirmələr aparılır və standartlar onun əsasında ölçülür”.

“Azərbaycan universitetlərinin xarici universitetlərlə əlaqələri...”

Tanınmış təhsil eksperti Kamran Əsədov universitetlərimizin təhsil proqramlarına beynəlxalq əlaqələrin təsirindən danışarkən bildirdi ki, Azərbaycan universitetlərinin xarici universitetlərlə əlaqələri və beynəlxalq əməkdaşlıqları təhsil proqramlarının məzmununa, keyfiyyətinə və çevikliyinə birbaşa təsir göstərir: “Əgər bu əlaqələr sistemli, davamlı və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanırsa, təhsil proqramlarının beynəlmiləlləşməsi baş verir. Bu isə tələbələrə qlobal biliklərə çıxış imkanı yaradır, müəllim heyətinin tədris metodologiyasını yeniləyir və universitetin ümumi akademik reputasiyasını yüksəldir.

Hazırda bəzi universitetlər, xüsusilə ADA Universiteti, UNEC, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti kimi müəssisələr beynəlxalq universitetlərlə ikili diplom proqramları (dual degree), müştərək elmi layihələr və akademik mobillik layihələri həyata keçirirlər. Bu əməkdaşlıqlar çərçivəsində proqramlar xarici tərəfdaşların akkreditasiya və kurikulum standartlarına uyğunlaşdırılır, dərslər ingilis dilində aparılır, və müəllim heyətində xarici mütəxəssislər də iştirak edir”.

Bununla belə ekspertin sözlərinə görə, lakin ümumi mənzərə göstərir ki, ölkədəki ali təhsil müəssisələrinin əksəriyyətində xarici əlaqələr səthi və simvolik xarakter daşıyır: “Əlaqələr daha çox sadəcə memorandum imzalama mərhələsində qalır, real akademik və elmi inteqrasiya baş vermir. Bu isə təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına ciddi mane olur.

Bunun əsas səbəbləri arasında universitetlərdə akademik muxtariyyətin zəifliyi, müəllimlərin və idarəçilərin dil bacarıqlarının və beynəlxalq təcrübələrinin məhdudluğu, eləcə də təhsil proqramlarının çox vaxt mərkəzləşdirilmiş və çevik olmayan strukturlara əsaslanması dayanır. Təhsil proqramları əsasən yerli normativlər və dövlət sifarişi ilə formalaşdırıldığı üçün universitetlərin öz təşəbbüsü ilə xarici universitetlərlə uyğunlaşdırılmış proqramlar həyata keçirməsi çətinləşir. Məsələn, xarici universitetlə birgə magistr proqramı yaratmaq üçün lazım olan çevik kredit sistemi, seçmə fənn imkanları və ikili qiymətləndirmə modelləri Azərbaycanda çox nadir hallarda tətbiq olunur.

Dünya təcrübəsində, xüsusilə Avropa İttifaqı ölkələrində Erasmus+, Horizon və Jean Monnet layihələri vasitəsilə universitetlər həm təhsil proqramlarını yeniləyir, həm də tələbə və müəllim mübadiləsi ilə təhsilin keyfiyyətini yüksəldirlər. Bu tip layihələrin ölkəmizdə də genişləndirilməsi, universitetlərin proqramlarını bu çağırışlara uyğun şəkildə yenidən dizayn etməsi vacibdir.

Nəticə etibarilə, Azərbaycan universitetlərinin təhsil proqramlarının beynəlmiləlləşməsi üçün yalnız əlaqələrin qurulması kifayət deyil. Bu əlaqələrin təhsil proqramlarına struktur və məzmun səviyyəsində inteqrasiyası təmin edilməlidir. Əks halda, əlaqələr sadəcə PR vasitəsinə çevriləcək və ali təhsilin keyfiyyətinə real təsir etməyəcək. Proqramların çevik, modul əsaslı və beynəlxalq akkreditasiyalara uyğunlaşdırılmış şəkildə hazırlanması, xarici tərəfdaşların real iştirakı ilə həyata keçirilməsi və məzunların beynəlxalq rəqabətə davamlı olması təmin edilməlidir”.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
0
baki-xeber.com

1Mənbələr