Energetika naziri Pərviz Şahbazov İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində Bolqarıstanın energetika naziri Jeço Stankov ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə Bolqarıstanın enerjiyə tələbatının ödənilməsində əhəmiyyətli paya malik Azərbaycan təbii qazının ölkəyə faydalarından bəhs edilib. Türkiyə ilə sərhəddə interkonnektorun ötürücülük gücünün artırılması imkanları dəyərləndirilib.
Tərəflər Bolqarıstanda həyata keçirilən qazlaşdırma layihəsi üzrə irəliləyişləri nəzərdən keçiriblər, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında “yaşıl enerji” infrastrukturunun qurulması prosesindən irəli gələn məsələlərə toxunublar.
Bolqarıstan energetika naziri 2-4 iyun tarixində Bakıda keçiriləcək “Enerji Həftəsi”ndə iştiraka dəvət edilib.