AZ

"İsraili Qəzzaya humanitar yardım daşıyan gəmini dron atəşinə tutub" - BBC

 
"Bu, Avropaya, Maltaya, mülki şəxslərə və beynəlxalq hüquq ideyasına qarşı hücumdur və dərhal dayandırılmalıdır..."
 
"Azadlıq flotiliyası" qeyri-hökumət təşkilatı bəyan edib ki, Qəzzaya humanitar yardım və fəallar aparan gəmi Malta sahilləri yaxınlığındakı beynəlxalq sularda naməlum dronların hücumuna məruz qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, gəmi mayın 2-də, gecə yarısından sonra vurulub. Təşkilat hadisəyə görə İsraili günahlandırır və Qəzzaya qarşı blokadanın aradan qaldırılmasını tələb edir.
 
Təşkilatın yaydığı məlumata görə, "Vicdan" adlı gəmidə baş verən yanğın nəticəsində enerji sistemi sıradan çıxıb və gəmi batma təhlükəsi ilə üzləşib. Bildirilir ki, silahsız mülki gəmi iki dəfə dronlarla vurulub, gövdəsi ciddi zədələnib və yanğın baş verib. Son əlaqə zamanı dronlar hələ də gəmi üzərində uçub.
 
"Azadlıq flotiliyası" bildirir ki, gəmidə 21 ölkədən 30 fəal olub, onların arasında iqlim fəalı Qreta Tunberq də var. Onlar İsrailin qanunsuz mühasirəsi və blokadasına dinc yolla etiraz etmək məqsədilə Qəzzaya yollanmaq istəyib. Missiya gizli şəkildə hazırlanıb.
 
Malta hökumətinin məlumatına görə, gəmidə 12 ekipaj üzvü və 4 fəal olub. SOS siqnalı qəbul edildikdən sonra hadisə yerinə yanğını söndürmək üçün yedək gəmi göndərilib və saat 01:28-də yanğın lokallaşdırılıb. Gəmidəkilər yedək gəmisinə minməkdən imtina edib.
 
Tunberq jurnalistlərə bildirib ki, hücum gəmini ciddi şəkildə zədələyib və missiyanın davamını mümkünsüz edib. O, gəminin hələ də hadisə yerində olduğunu və hərəkət etdikdə su buraxdığını deyib.
 
"Azadlıq flotiliyası" Maltanı və digər ölkələri müdaxiləyə çağırıb və bu hadisəni "Avropaya, Maltaya, mülki şəxslərə və beynəlxalq hüquq ideyasına qarşı hücum" adlandırıb. Təşkilat bütün ölkələri hücumu qınamağa və İsrailə qarşı tədbirlər görməyə çağırır.
 
İsrail ordusu hadisə ilə bağlı məlumatları araşdırdığını bildirib. Xatırladaq ki, 2010-cu ildə də "Azadlıq flotiliyası"nın gəmisi İsrail komandosları tərəfindən saxlanılıb və insident insan tələfatı ilə nəticələnib.
 
Blokada və nəticələri
 
İki ay öncə başlayan hərbi əməliyyatlarla birlikdə İsrail Qəzzanı tam blokadaya alıb - bütün keçid məntəqələri bağlanıb, ərzaq, dərman və yanacaq daxil olmaqla heç bir məhsul buraxılmır. İsrail bunun HƏMAS-a təzyiq üçün zəruri olduğunu bildirir.
 
Lakin humanitar təşkilatlar mülki əhaliyə yardımın qarşısının alınmasının beynəlxalq hüququ pozduğunu deyir. Beynəlxalq Qırmızı Xaç Komitəsinə görə, bölgədə ərzaq, dərman və su tükənmək üzrədir. BMT və Avropa ölkələrinin xarici işlər nazirləri də blokadanı qeyri-insani adlandırıb və yardımın dərhal buraxılmasını tələb edib.
 
Xatırladaq ki, Qəzza bölgəsi 7 oktyabr 2023-cü il tarixində HƏMAS silahlılarının hücumundan sonra İsrail tərəfindən blokadaya salınıb. İsrail ordusunun bölgədə apardığı hərbi əməliyyatlar nəticəsində 52 mindən artıq dinc insan qətlə yetirilib.
Seçilən
0
moderator.az

1Mənbələr