"Təəssüf ki, Ukraynanın bəzi vətəndaşları Rusiya dövlətinin maraqlarına xidmət edir, Ukraynaya və onun müdafiəsinə zərər vuran fəal informasiya əməliyyatları aparır..."
Ukrayna prezidenti Vladimir Zelenski prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviçə qarşı sərt sanksiyalar tətbiq edib. Sanksiyalarla bağlı fərmanlar Ukrayna prezidentinin saytında dərc olunub.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Son dövrlər Ukrayna hakimiyyətini sərt tənqid edən Arestoviç bir sıra qalmaqallı açıqlamaları ilə tanınır. Onlardan biri 2023-cü ildə Dneprdə bir binaya Rusiya raketinin düşməsi ilə bağlıdır, o, iddia edib ki, raket guya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduqdan sonra binaya düşüb. Vəzifəsindən ayrıldıqdan sonra Arestoviç ölkəni tərk edərək xaricdə yaşamağa başlayıb və Zelenskinin siyasətini açıq şəkildə tənqid edib.
2023-cü ilin dekabrında Arestoviç bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinə Ukrayna prezidenti Zelenskidən daha çox güvənir: "Putin mənim rəqibimdir və bu, ədalətli mübarizədir. Amma daxili siyasət həmişə çirkinliklər içində olur və səni çox vaxt ən yaxınların satır", - o, deyib.
O, həmçinin xatırladıb ki, 2022-ci ilin iyulunda jurnalist Dmitri Qordonla müsahibəsində prezidentliyə namizəd olacağını deyib və bundan sonra təkcə Zelenskinin ətrafı deyil, digər siyasi rəqiblər tərəfindən də ona qarşı "dəlicəsinə bir kampaniya" başladılıb.
Müharibənin əvvəlində Arestoviç "maksimum iki-üç həftəyə bu müharibə bitəcək" sözləri ilə məşhurlaşıb. O, bu sözlərini belə izah edib: "İki-üç həftə tam əsaslı olub. Mən İstanbul danışıqları üzrə nümayəndə heyətinin üzvü idim. Atəşkəs müqaviləsi və danışıqların vaxtını bilirdim".
Kadrlar arasında onun görünməməsi ilə bağlı irada cavab olaraq Arestoviç deyib: "Rusiyalılar məni sıradan çıxarıb, mən Belarusda dəmir yolunu partlatmağa çağırandan sonra belaruslar cinayət işi açıb. Buna görə də məni uzaqlaşdırdılar. Amma mən yenə də orada kamera arxasında olmuşam. Zelenski ilə Putinin aprelin 9-da üçün planlaşdırılan görüşü və atəşkəslə bağlı məlumatım vardı. Ona görə də iki-üç həftə demişdim".
O, əlavə edib: "İki-üç həftə" ifadəsini hərbi dinamikaya əsasən işlətmişdim, rusiyalıların Kiyevdən geri çəkiləcəyini görürdüm. Mən sabah qələbə qazanacağıq deməmişdim, ümumiyyətlə bu müharibədə qalib gələcəyimizi demişdim. Əgər kəsilmiş formada olsa da, mövcudluğumuzu qoruya bilsək, bu, artıq qələbədir. Bizimlə Rusiya arasında hərbi güc fərqi onlarla dəfədir. Sadəcə məğlub olmamaq belə bizim üçün qələbə sayılır".
Ukraynada Arestoviçə qarşı iki cinayət işi başlanıb: biri qadınlarla bağlı açıqlamasına görə zorakılığı təbliğ etməkdə, digəri isə rus dili ilə bağlı Ali Radanın deputatı ilə mübahisədən sonra yalan ifadə verməkdə ittiham olunur. Rusiyada isə Arestoviçə qarşı terrorçuluğa çağırış və Rusiya ordusu haqqında "saxta məlumatlar yaymaq" maddələri üzrə cinayət işləri açılıb.
Ukrayna prezidenti Vladimir Zelenski təəssüf hissi ilə bəyan edib ki, Ukraynanın bəzi vətəndaşları öz talelərini Rusiya dövlətinin maraqlarına xidmət edən təbliğatla bağlayıb, müharibəni haqq qazandırır, Ukraynaya və onun müdafiəsinə zərər vuran fəal informasiya əməliyyatları aparır", - Zelenski bəyan edib.