AZ

Tramp 8 may tarixini İkinci Dünya savaşında ABŞ-ın Qələbə Günü elan edib

 
"ABŞ Birinci və İkinci dünya savaşlarında qələbə əldə etmək üçün hər hansı digər ölkədən daha çox iş görüb..."
 
Donald Tramp ABŞ-ın Birinci və İkinci dünya savaşlarındakı qələbəsini elan edib və bu münasibətlə qeyd olunacaq tarixləri açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb. Məlumatı "cirrenttime.tv" nəşri yayıb.
 
"ABŞ Birinci və İkinci dünya savaşlarında qələbə əldə etmək üçün hər hansı digər ölkədən daha çox iş görüb. 8 may tarixini İkinci Dünya savaşında Qələbə Günü, 11 noyabr tarixini isə Birinci Dünya savaşında Qələbə Günü kimi adlandırıram", - o, vurğulayıb.
 
"Biz hər iki savaşı qazandıq, güc, cəsarət və hərbi hünər baxımından bizimlə heç kim rəqabət apara bilməzdi. Amma biz bu qələbələri heç vaxt qeyd etmirik. Bu, ona görədir ki, artıq qələbə nədir və onu necə qeyd etməli olduğumuzu bilən liderlərimiz yoxdur. Biz yenidən qələbələrimizi qeyd etməyə başlayacağıq", - Tramp bəyan edib.
 
Qələbə günü Putin üçün xüsusi rəmzi olan tarixdir
 
Bundan öncə xəbər verildiyi kimi, 9 may Qələbə Günü Rusiya diktatoru Vladimir Putin üçün xüsusi əhəmiyyətə malikdir. Bu gün təkcə dövlət bayramı deyil, həm də onun siyasi leqitimliyi və təbliğatının əsas sütunlarından biridir.
 
Putin bu günü Rusiyanın hərbi gücünü nümayiş etdirmək, milli birliyi möhkəmləndirmək və "tarixi missiya" ideyasını təbliğ etmək üçün istifadə edir. Qırmızı Meydanda keçirilən parad isə dövlətin və ordunun məğlubedilməzliyinin  rəmzidir.
 
2025-ci ildə Qırmızı  Meydandakı parad İkinci Dünya savaşında qələbənin 80 illiyinə həsr olunacaq. Hindistanın müdafiə naziri Racnatx Sinqx baş nazir Narendra Modini əvəz edərək mərasimdə iştirak edəcək. Həmçinin Belarus, Serbiya və Slovakiya prezidentləri də tədbirə qatılacaqlarını təsdiqləyib.
 
Parada hazırlıq ciddi təhlükəsizlik tədbirləri şəraitində həyata keçirilir, o cümlədən pilotsuz uçuş aparatları ilə mümkün hücum qorxusu var. Ekspertlər qeyd edir ki, yüksək səviyyəli qonaqların, xüsusilə Si Tszinpinin iştirak etdiyi tədbir zamanı silahsız bir dronun belə Qırmızı Meydanın üzərindən keçməsi Putinin imicinə ciddi zərbə vura bilər.
 
ABŞ İkinci Dünya savaşına 7 dekabr 1941-ci ildə, Yaponiyanın ABŞ-ın Pörl-Harbordakı hərbi-dəniz bazasına hücumundan sonra qoşulub. ABŞ ordusunun ən böyük itkiləri 6 iyun - 25 avqust 1944-cü il tarixləri arasında baş vermiş Normandiya əməliyyatı - ikinci cəbhənin açılması zamanı qeydə alınıb. Əməliyyat 31 avqustda Fransanın şimal-qərb hissəsinin azad olunması ilə başa çatıb.
 
ABŞ həmçinin İkinci Dünya savaşı zamanı müttəfiqlərinə hərbi texnika, sursat, tank, təyyarə, yük maşını, həmçinin ərzaq və xammal ilə (lend-liz proqramı çərçivəsində) yardım göstərib.
Seçilən
0
moderator.az

1Mənbələr