Aprelin 30-da Biala Podlaska şəhərində (Polşa) Avropa Parlamentinin deputatı və “Polşa Tacının Konfederasiyası” ifrat sağçı mühafizəkar partiyasından Polşanın prezidentliyinə namizəd Qrzeqorz Brauna dəstək aksiyası zamanı yerli meriya binasında asılmış Ukrayna bayrağı yerə atılıb.
Bu barədə mayın 1-də Polşanın RMF FM xəbər mediası məlumat yayıb. Braunun tərəfdarlarından biri pilləkənlərlə meriyanın eyvanına çıxıb, Ukrayna bayrağını endirərək namizədə verib və o, əlini minnətdarlıqla sıxıb. Sonra həmin yerə Polşa bayrağı qoyulub. İnternetdə yayılan videolarda izdihamın “Bura Polşadır” şüarları aydın eşidilir.
Obyvatele RP təşkilatı tərəfindən X sosial şəbəkəsində yayımlanan videoda namizədin hadisədən sonra kütləyə müraciət etdiyi görünür: “Hamınızı şahid kimi qəbul edirəm ki, cənab Kacper Avropa Parlamentinin polşalı deputatının köməkçisi kimi mənim xahişimlə və birbaşa göstərişimlə onun etdiklərini edib. Ona görə də bu, mənim məsuliyyətimdir”, – Braun bildirib. O, həmçinin Ukrayna bayrağını ən yaxın Ukrayna konsulluğuna təhvil verəcəyini vəd edib.
//Samir Qurbanov, Editor.az