Aprelin 30-da Azərbaycan Dillər Universitetində (ADU) “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının fransız və urdu dillərində tərcümələrinin təqdimatı keçirilib.
Bu əlamətdar hadisə ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli Vətən müharibəsi və Müzəffər Ali Baş Komandandan bəhs edən belə bir kitabın fransız dilinə tərcüməsinin mühüm önəm kəsb etdiyini bildirib:
“Vətən müharibəsi və bu müharibədə qazandığımız qələbə Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan böyük bir zəfər, şanlı bir mücadilədir. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmi üzərində əldə etdiyi zəfər öz möhtəşəmliyi, əzəməti ilə bütün dünyanı heyrətə gətirməkdədir.
Ancaq təəssüflər olsun ki, bu qələbəni gözü götürməyən, hələ də erməni yalanlarının təsiri altında olan qüvvələr var. Buna görə də biz Vətən müahribəsi ilə bağlı həqiqətlərin dünyada təbliğinə mühüm dqiqət yetirməli, bu istiqamətdə sistemli iş aparmalıyıq. “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının fransız dilinə tərcüməsini bu istiqamətdə atılan mühüm addımlardan biri hesab edirəm. ADU və Bakı Şəhər İcra Hakimiyyətinin belə önəmli bir layihəni həyata keçirməsi Azərbaycan həqiqətlərinin Fransa və digər fransızdilli toplumlar arasında yayılması baxımından olduqca əhəmiyyətlidir.
Bildiyiniz kimi, Vətən müharibəsindəmn sonra Fransa açıq ermənipərəst siyasət yürütməkdədir. Biz Fransa xalqına əsl həqiqəti çatdırmalı, Makron rejiminin Azərbaycanla bağlı yürütdüyü siaysətin nə qədər ədalətsiz və yanlış olduğunu onlara başa salmalıyıq. Fransa xalqı Azərbaycanı tanımalı, onun Vətən müharibəsində necə böyük qəhrəmanlıqlara imza atdığını, başqa bir dövlətin ərazisini deyil, öz tarixi torpaqlarını azad etdiyini bilməlidir. Bu baxımdan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı böyük əhəmiyyətə malikdir.
İnanıram ki, bu kitab Fransa və digər ölkələrdə Vətən müharibəsi ilə bağlı əsl həqiqətlərin təbliğinə töhfə verəcək, Azərbaycana qarşı yanlış yanaşma və baxışların ortadan qalxmasına kömək edəcək.
Mən bu faydalı işə görə ADU və Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkür edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram”.
Seymur ƏLİYEV