“Azərbaycanın beynəlxalq arenada aktiv oyunçu kimi oynadığı rol Azərbaycan-Ermənistan kontekstindən çıxaraq artıq daha geniş xarakter alıb”.
Bunu Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.
O bildirib ki, sülh məsələsi indiki durumda Ermənistan üçün prioritet daşıyan, hətta həyatı məsələdir:
“Azərbaycanın gündəliyində sülh müqaviləsi məsələsi elə də vacib məsələ deyil. Azərbaycan da Ermənistan üçün prioritet məsələnin həyata keçməsi üçün ciddi maraq göstərmir. Azərbaycanın bir sıra məlum şərtləri var və Ermənistan bu şərtləri həyata keçirməlidir. Azərbaycan Yaxın Şərq regionunda mövcud qarşıdurmaların stabilləşməsi və Avrasiya məkanı ilə Avropa arasında beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasına öz dəstəyini verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verməklə məşğuldur. Ermənistan bu məsələlərdən kənarda qalan ölkədir.
Sülh sazişi məsələsi Zəngəzur dəhlizinin açılması baxımından Ermənistanın rolunu müəyyən qədər artırsa da, bu məsələdə Ermənistanın mövqeyi ona təsir edən ölkələrin maraqlarının necə dəyərləndirməsindən asılı olacaq. Ermənistan seçimini necə edəcəksə, ona uyğun da cavab alacaq. Tək həqiqət odur ki, Zəngəzur dəhlizi hansı yolla olursa-olsun açılmalıdır və açılacaq. Ermənistanın bunun üçün öhdəliyi var. Azərbaycan son məqamda bu öhdəlikdən irəli gələn addımı özü ata bilər. Ermənistan üçün bu sonun başlanğıcı olar. Ona görə də düzgün qərar verməli, öz vaxtını dar çərçivəyə salaraq başına yeni oyunlar açmamalıdır”.
//Gülnarə Abasova, Editor.az