AZ

200 manata qədər borcu olanlar ölkədən çıxa bilməyəcək? – “Bankların lobbiçiliyini edənlər...”

200 manata qədər borcu olan vətəndaşların ölkədən çıxışına məhdudiyyət qoyulması məsələsi hazırda müzakirə edilir. Qanun layihəsinin əsas məqsədi problemli kreditlərin azalması kimi göstərilir. Lakin nəzərə alsaq ki, əhalinin təxminən 70-80 faizi banklara borcludur, bu halda xaricə getmək istəyən vətəndaşların böyük bir hissəsinin ölkədən çıxışı məhdudlaşdırıla bilər.
Bu barədə Moderator.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, 200 manata qədər borcu olan vətəndaşların ölkədən çıxışına məhdudiyyət qoyulması məsələsinin tam əksinin parlamentdə qaldırılmasının tərəfdarıyıq:
“Belə ki, müəyyən məbləğdən aşağı olan borclara, məsələn, 100-200 manat və ya inzibati cərimələrə görə vətəndaşların xaricə çıxışına məhdudiyyət qoyulması doğru yanaşma deyil. Məsələn, pandemiya dövründə maska taxmamaq kimi səbəblərlə cərimələnmiş şəxslərin sərbəst hərəkət hüququnun məhdudlaşdırılması məqsədəuyğun sayılmamalıdır. Sərbəst hərəkət etmək konstitusion hüquqdur və bu cür hallarda həmin hüququn məhdudlaşdırılması düzgün deyil. Eyni zamanda, bu cür məhdudiyyətlər bankların kreditlərini toplamasını asanlaşdırmaq məqsədi daşıyırsa, bu da düzgün deyil. Çünki banklar kredit verərkən riskləri əvvəlcədən nəzərə alır və buna uyğun faiz dərəcələri təyin edirlər. Onda belə çıxır ki, banklar gəlirlə işləsə gətirib gəlirlərin artıq hissəsini dövlətə və vətəndaşlara paylamalıdırlar ki, biz çox qazanmışıq. Çox qazananda da, o bankın xeyrindədir,  az qazananda da  deyən ziyan onların işidir”.
 
T. Abbaslı vurğulayıb ki, Ağ Parti olaraq,  təklifimiz təqribən 50 min manatdan aşağı borcu olan vətəndaşların ölkədən çıxışına məhdudiyyət qoyulmamalıdır:
“Məsələn, kimsə 10-15 min manat civarında hər hansı bir banka borcludur və ölkə daxilində bu məbləği qazanmaq imkanı yoxdur və xaricə çıxıb ticarətlə və ya digər işlərlə məşğul olaraq pul qazanmaq və borcunu ödəmək istəyir. Azərbaycan vətəndaşlarının böyük bir hissəsi Rusiyada, Türkiyədə, BƏƏ-də (Dubayda) ticarət və müxtəlif sahələrdə çalışır. Belə olan halda,  insanlara 500 manata görə ölkədən çıxış qadağası qoymaq nə dərəcədə məntiqlidir? Mənə elə gəlir ki, bu layihəni irəli sürənlər müəyyən maraq qruplarının nümayəndələridir. Ola bilər ki, bankların lobbiçiliyini edirlər. Əgər bank öz borcunu yığa bilmirsə, dövlət niyə qərar verilməlidir ki? İnanıram ki, bu qanun layihəsi nə komitədə, nə də plenar iclasda qəbul olunmayacaq. Çünki burada söhbət 200 manatdan gedir. İndi kimsə yerə zibil atdığına görə 300 manat cərimələnə bilər. Şəxs bilet alıb, getmək istəyir, amma aeroportda məlum olur ki, 300 manat inzibati cəriməsi var və bu səbəbdən onu buraxmırlar. Bu, qətiyyən adekvat yanaşma deyil və biz, Ağ Partiya olaraq, bu cür yanaşmanın əleyhinəyik”.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
moderator.az

1Mənbələr