BAKI, 2 may. TELEQRAF
Günün uzunluğu Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətindən asılıdır. Bu sürətə təsir edən amillərdən biri ətalət qüvvəsidir ki, bu da öz növbəsində planetin səthi və onun dərinliklərində kütlənin paylanması ilə müəyyən edilir. Bu isə o deməkdir ki, insan fəaliyyəti də cüzi olsa da öz təsirini göstərə bilər.
Teleqraf Ukrayna KİV-ə istinadla xəbər verir ki, Çində tikilmiş nəhəng strukturun Yer kürəsinin fırlanmasını ləngitməsi və nəticədə günün uzunluğunu bir qədər artırması barədə məlumat müzakirələrə səbəb olub.
Söhbət Çinin Hubey əyalətində Yantszı çayı üzərində tikilmiş bənd və onun yaratdığı nəhəng su anbarından gedir.
Hələ 2005-ci ildə bəndin tamamlanması və istismara verilməsi işləri (anbarın su ilə doldurulması) aparılarkən NASA-nın (ABŞ) Qoddard kosmik uçuş mərkəzindən Benyamin Fon Çao bu meqalayihənin günün uzunluğuna təsir göstərəcəyini təxmin etmişdi.
Fon Çaonun hesablamalarına görə, Yerin səthinin bir nöqtəsində saxlanılan nəhəng həcmdə su Yerin fırlanmasını yavaşladan əlavə inertial kütlə yaradır və beləliklə, sutkanın uzunluğu 0,06 mikrosaniyə artır.
Söhbət saniyələrdən yox, mikrosaniyələrdən gedir. Bir mikrosaniyə 0,000001 saniyəyə bərabərdir.
Doktor Fon Çao bəndin (daha doğrusu su anbarının) Yerin fırlanma oxunu təxminən 2 santimetr dəyişdiyini hesablayıb.
Bu hesablamalar elm aləmində 20 ildir məlum olsa da, yenidən gündəmə gəlib.