AZ

Büdcədə neftin qiymətinə yenidən BAXILACAQ? – Deputatdan AÇIQLAMA

Dünya Bankı "Əmtəə Bazarlarına Baxış" hesabatının aprel buraxılışını dərc edib.

Hesabatda qlobal əmtəə qiymətlərinin 2026-cı ildə son 6 ilin ən aşağı səviyyəsinə düşəcəyi gözlənilir. Bundan əlavə bu il enerji qiymətlərinin 5 illik minimuma enməsi gözlənilir

Hesabatda qeyd olunub ki, enerji qiymətlərinin bu il 17,4 faiz ucuzlaşaraq son beş ilin ən aşağı səviyyəsinə düşməsi, 2026-cı ildə isə 5,9 faiz ucuzlaşması gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

PROQNOZ: Bu il neftin qiyməti 65 dollardan aşağı olacaq


Bankın hesabatında Brent markalı neftin qiymətinin bu il orta hesabla 64 dollar/barelə, 2026-cı ildə isə 60 dollara düşəcəyi gözlənilir.

Hesabatda bu il qlobal neft təklifinin tələbi gündəlik 700 min barel üstələməsinin gözlənildiyi, elektrikli avtomobillərin sürətlə yayılmasının da neft tələbini məhdudlaşdırdığı bildirilib.

Dünya bazarında neftin qiymətinin düşməsi ölkə iqtisadiyyatına və büdcə gəlirlərinə necə təsir edəcək?

Suala aydınlıq gətirən Millət vəkili Aydın Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, neftin bir barelinin qiyməti 2025-ci ilin Dövlət Büdcəsində 70 dollardan götürülüb:

“Bununla belə dünya birjalarında neftin bir barelinin qiyməti 45 dollara düşsə belə hökumət tərəfindən bütün risklər nəzərə alınıb. Bu enmə büdcə gəlirlərinə təsir etməyəcək. Neftin qiymətinin aşağı düşməsi bizim ümumi gəlirlərimizə, valyuta ehtiyatlarımıza təsir edir. Amma neftin qiyməti 45 dollara düşsə belə, büdcə gəlirlərinə təsir etmir.

Burda bir vacib məqam da var. Aprel-may aylarında neftin qiyməti 60 dollara qədər düşmüş ola bilər. Amma ilin əvvəlki və sonrakı aylarında qiymətlər yüksək olub və yaxud ola bilər. Ona görə də qiymətləndirmə aparanda ümumi mənzərəni nəzərə almaq lazımdır. Tez qərar çıxartmağa lüzum yoxdur”.

Müsahibimiz Dünya Bankının proqnozlarını müzkirə edərkən Beynəlxalq Valyuta Fondunun proqnozlarını da diqqətə almağı vacib hesab edir:
 

“BVF-nin proqnozlarına görə 2030-cu ildə Azərbaycanda ÜDM 100,8 milyard dollar olacaq. 2030-cu ilə qədər ÜDM hər il ortalama 3 faizdən çox artacaq. Ona görə də neftin qiyməti ümumi iqtisadiyyatımıza o qədər də təsir etmir. Bu gün mavi qaz ixracından gələn gəlirlər azalan neft gəlirlərini sığorta edir. Yaxın gələcəkdə isə Avropaya “yaşıl enerji” ixrac edəcəyik. Bu da növbəti gəlir yeri olacaq.


Ona görə də neftin qiymətinin beynəlxalq birjalarda aşağı düşməsi Azərbaycan üçün indiki məqamda müzakirə mövzusu deyil”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr