Unibank tərəfindən universitet tələbələri üçün “Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət” mövzusunda maarifləndirici seminarlar təşkil edilib.
“Unibank”ın Dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya-Abbasova tərəfindən ADA və UNEC tələbələri üçün keçirilən tədbirlərdə ümumilikdə 50-dən çox tələbə iştirak edib.
Seminarlarda dayanıqlı maliyyə ilə bağlı əsas anlayışlar, iqlim dəyişikliyi və ölkəmizin iqlim gündəliyi, qlobal və lokal kontekstdə dayanıqlı maliyyənin inkişaf perspektivləri, bank sektorunun bu sahədə rolu haqqında geniş məlumat verilib. Eyni zamanda dayanıqlı iqtisadi inkişaf və iqlim dəyişmələri ilə mübarizədə bankların müstəsna rolu, dayanıqlı maliyyənin banklar üçün gətirdiyi yeni reallıq və gələcək trendlər, ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) prinsiplərinin bankçılıq fəaliyyətinə inteqrasiyası və bu istiqamətdə beynəlxalq trendlər müzakirə olunub.