“Qəbələ”, “İmişli” və Yevlaxın “Karvan” klubları Premyer Liqaya vəsiqə qazanıb. Onların gələn mövsüm harada oynayacağı isə müzakirə mövzusuna çevrilib. “İmişli” və “Karvan”ın ev oyunlarını keçirmək üçün Bakıya köçməsi planlaşdırılır. Bu isə regionlardakı futbol infrastrukturu problemini bir daha gündəmə gətirib.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan aut.az saytının baş redaktoru, tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, Azərbaycanın regionlarında futbol infrastrukturu yoxdur:
“İllərdir Azərbaycanda olan bu problemi yazırıq, deyirik və qabardırıq. Azərbaycanın regionlarında infrastruktur yoxdur. Ölkənin ikinci böyük şəhəri Gəncənin “Kəpəz” komandası oyunlarını Tovuzda keçirir. Gəncə boyda şəhərdə stadion yoxdur. Naxçıvan təmsilçisi “Araz” isə ev oyunlarını Bakıda keçirir. Naxçıvanda infrastruktur yoxdur. Belə olan halda Yevlaxdan, İmişlidən, Qəbələdən nə uma bilərik?
15 ildir deyirik ki, əcnəbi məşqçiləri gətirib onlara pul tökənə qədər regionlarda futbol inkişafı üçün lazımi infrastruktur qurun”.
Natiq Muxtarlı qeyd edib ki, bu sahədə ciddi işlərin görülməsi çox vacibdir:
“AFFA-nın əvvəlki rəhbərliyinin əsas siyasəti bu idi. Bakıda bir neçə stadion tikib və bütün klubları bura yığıblar. Regionlarda infrastrukturun yoxluğu AFFA-nın əvvəlki rəhbərliyinin böyük cinayətidir.
Azərbaycan dövləti 20 il ərzində milyardlarla vəsaiti futbol təsərrüfatına ayırdı, hanı qurduğunuz infrastruktur?! Komanda bölgədə oynamalıdır. Tovuzdakı, Şamaxıdakı abu-havanı heç vaxt Bakıdakı oyunda ala bilməzsiniz. “Zirə”, “Sabah”, “Səbail” kimə lazımdır? Bakıda təkcə “Neftçi”nin qalması kifayətdir. Əvvəlki AFFA rəhbərliyi özü üçün “Bakı çempionatı” yaratmışdı.
Geçikmişik! Regionlarda futbol üçün lazımi infrastruktur qurulmalıdır. Nə qədər ki, bölgələrdə yaxşı stadionlar, yüksək keyfiyyətli infrastruktur yoxdur, futbolda inkişaf gözləmək ağılsızlıqdır”.
Xatırladaq ki, “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze çalışdırdığı komandanın rəhbərliyi ilə bu barədə danışıb: "Baxın, indi "İmişli" də, "Karvan" da Bakıya köçəcək. Deyin görüm, Bakının harasında məşq üçün bu qədər meydança var? Mən "Qəbələ" futbolçularının Bakıda yaşamasının əleyhinəyəm.Təklifimi vermişəm. Qərarı "Qəbələ" rəhbərliyi qəbul edir".
Nazim Hacıyev
Telegram kanalımız