İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması ilə bağlı tender elan edib.
Satınalmalar üzrə Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, yaşayış sahələrinin alınması üçün 213 milyon 666 min 666,67 manat nəzərdə tutulur.
Fond bu qiymətə 100.000 kvadrat metr mənzil almağı planlaşdırır.
Qeyd edək ki, Prezidentin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun olaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə yaşayış sahələrinin satın alınması nəzərdə tutulur. Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisi və ona birbaşa həmsərhəd olan Abşeron rayonunun tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçirilir. İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdə Satınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir. Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 50000 kv.m-dən az olmamalıdır.