İbtidai siniflərdə ingilis dili dərslərinin saatlarının artırılması təklif olunur. Maraqlıdır, bu, ana dilinin öyrənilməsinə və digər fənlərin tədrisinə necə təsir edəcək? Təklifi dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Ajans.az bildirib ki, ibtidai təhsil pilləsində ingilis dili dərslərinin ən azı 1 saat artırılması şagirdlərin bu istiqamətdə dil bacarıqlarının inkişafına mühüm təsir göstərə bilər:
‘’Adətən insanlar qeyd edirlər ki, uşaqlar 11 il ingilis dili fənnini öyrənsələr də, ingilis dilində sərbəst danışa bilmirlər. Lakin bu yanaşma birmənalı şəkildə düzgün sayıla bilməz. Çünki ölkədə, məsələn, hər il 100 min məzun olsa belə, onların arasında kifayət qədər yüksək səviyyədə ingilis dili bilən şəxslər də mövcuddur. İbtidai təhsil pilləsi dünyanın əksər ölkələrində əsas və strateji mərhələ hesab olunur. Bu mərhələdə şagirdlərə müxtəlif istiqamətlərdə daha keyfiyyətli və məqsədyönlü tədrisin təşkili onların gələcəkdə elmə və təhsilə olan marağını artırmağa, daha hazırlıqlı fərdlər kimi formalaşmasına zəmin yarada bilər. Bu səbəbdən ingilis dili dərslərinin ibtidai siniflərdə artırılması ilə bağlı təklifi dəstəkləyirəm. Əlbəttə, dövlət dilimiz Azərbaycan dilidir və bu, mütləq şəkildə qorunmalıdır. Bununla yanaşı, beynəlxalq dil olan ingilis dilinin də daha erkən mərhələdə keyfiyyətli tədrisi həm dövlətin, həm də cəmiyyətin inkişafı üçün müsbət nəticələr verə bilər. Düşünürəm ki, bu təklifin mənfi tərəfi yoxdur’’.