BAKI, 2 may. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Elxan bəy, Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılıq əldə edilib və bunun fonunda iki ölkənin mövqelərində xeyli yaxınlaşma var. İndiki halda prosesin ləngidilməsi sülh şanslarını məhv edə bilərmi?
- 17 bəndlik sülh sazişinin mətni üzərində əldə edilən razılaşma müsbət nəticədir. Amma bundan əlavə Azərbaycan yekun sülh sazişinin imzalanması üçün iki tələb irəli sürüb. Bu ATƏT-in Minsk Qrupundan imtina və Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Minsk Qrupunun ləğvi ilə bağlı erməni tərəfi öz razılığını ifadə edib. Onlar iddia edirlər ki, sülh sazişi imzalanan gün Minsk Qrupundan imtina ilə bağlı birgə bəyanat verilə bilər. Anlaşılmayan hal odur ki, erməni tərəfi bu addımı sülh sazişindən öncə atmaq istəmir. Belə addım atılsa, əsas şərt kimi irəli sürülən bir məsələ də ortadan qalxmış olar. Ermənistan konstitusiyasının dəyişdirilməsi ətrafında isə müəmmalar davam edir. Çünki baş nazir Nikol Paşinyan gələn il parlament seçkiləri olduğuna görə, konstitusiya dəyişiklikləri ilə bağlı referendumun 2027-ci ildə keçirilməsini iddia edir. Bu isə o deməkdir ki, 2027-ci ilə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayacaq. Əslində Paşinyan qərar verib parlament seçkilərini bir qədər irəliyə də çəkə bilər. Onun getdikcə azalan reytinqi fonunda buna getməsi daha məqbul olardı. Beləliklə, o hakimiyyətini də qorumuş olar. Bunun ardınca isə konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilib sülh sazişinin imzalanması yolunda da əngəl ortadan qalxar.
- Azərbaycan-İran, Bakı-Pekin münasibətlərinin yaxınlaşması regional kommunikasiya xətlərinin açılmasına təsirini necə qiymətləndirirsiniz?
- Bakı ilə Tehran arasındakı yaxınlaşma məsələsində hələlik tələsməyə ehtiyac yoxdur. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri nə qədər uğurlu olsa da burada yanaşmalar fərqlidir. Əslində onun səfərinin maraqlı keçəcəyi gözlənilirdi. O soydaşımız kimi iki ölkə arasında əməkdaşlığın inkişafında maraqlıdır. Azərbaycanın da bu məsələdə mövqeyi aydındır. Amma İran tək prezidentdən ibarət deyil. Faktiki olaraq onun konstitusiya ilə səlahiyyətləri də çox deyil. Orada əsas hakimiyyət ali dini lider və SEPAH generallarının əlindədir. Onlara bağlı media resursları isə çox zaman Azərbaycan əleyhinə təxribatçı siyasət yürüdür. Ona görə də İranla Azərbaycan arasında hər şeyin həll edildiyini söyləmək üçün hələ çox tezdir. Bunu zaman göstərəcək. Sözsüz ki, Azərbaycanla İranla əməkdaşlıq və normal qonşuluq əlaqələrinin olmasını istəyir. Bunlar olmalıdır. Ortaq layihələr də bu əməkdaşlığı məqbul edir. Amma keçmiş dövrlərdə olduğu kimi İran tərəfindən Zəngəzur dəhlizinin əleyhinə güclü təbliğat da aparılmır. Pezeşkian sələfi İbrahim Rəisidən fərqli olaraq Zəngəzur əleyhinə açıqlama vermir. Çünki onlara da aydın oldu Zəngəzur dəhlizi İranın əleyhinə deyil.
- Bu halda İrəvanın mövqeyinə necə təsir göstərəck?
- Əslində Zəngəzur dəhlizi Ermənistan, İran və bütün bölgə ölkələri üçün faydalıdır. Bunu müsbət nəticə hesab etmək olar. Eyni zamanda Paşinyan da anlamalıdır ki, Azərbaycanla sülh sazişi imzalanmayana qədər Türkiyə ilə də münasibətlərin normallaşması mümkün olmayacaq. Paşinyan və onun komandası Azərbaycanla sülh sazişi imzalanmadan Türkiyə ilə əlaqələri bərpa etməyə çalışsalar da bu alınmaycaq. Çünki Türkiyə rəsmilərinin qəti mövqeyi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayana qədər Ermənistanla heç bir əlaqə qurula bilməz. Ona görə də Paşinyan üçün indi manevr imkanları var. Türkiyənin siyasəti, İran prezidentinin Azərbaycana yaxınlığı və digər amillər diktə edir ki, Paşinyan bir qədər tələssin. Eyni zamanda burada Rusiya amili də mövcuddur. Qərbin ciddi nəşrləri yazır ki, Rusiya-Ukrayna məsələsində sakitlik yaransa, atəşkəs olsa Moskva diqqəti başqa bölgələrə, o cümlədən Cənubi Qafqaza yönəldəcək. Bu də bölgə və ümumilikdə Ermənistan üçün yaxşı heç nə vəd etmir.
- Kənar güclərin Cənubi Qafqaza artan marağının Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə təsirini necə dəyərləndirirsiniz?
- Nə qədər ki, Rusiyanın başı Ukraynada qarışıb və uzunmüddətli atəşkəs elan edilməyibsə, Moskva istəklərinə çatmayıbsa, bölgədəki məsələlər həll olunmalıdır. Bu Azərbaycan və Ermənistan üçün də faydalıdır. Rusiya-Ukrayna cəbhəsində uzunmüddətli atəşkəs elan edilsə, Kremlin diqqəti başqa bölgələrə yönələcək. Son üç ilə artan hərbi-sənaye potensialı fonunda Rusiya Ukrayna müharibəsindən sonra o silahlarını hansısa ölkə əleyhinə istifadəsi də mümkündür. Bu amil də diktə edir ki, Cənubi Qafqazdakı məsələlər həll olunmalıdır. Prezident İlham Əliyevin irəli sürdüyü "Cənubi Qafqaz evi" konsepsiyasi, yəni, Azərbaycan-Grücüstan-Ermənistan arasında əməkdaşlıq formatı reallaşmalıdır. Belə bir formatın yaranması fonunda Rusiyanın bölgəyə təsir imkanları minimuma endiriləcək.