Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forum çərçivəsində “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi” adlı panel müzakirəsi baş tutub.
Busaat.az xəbər verir ki, paneldə dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və ekspertlər iştirak ediblər.
Paneldə çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Anar Eyvazov bildirib ki, bəzi hallarda bilərəkdən və ya bilməyərəkdən mediada və sosial şəbəkə platformalarında mövcud məhdudiyyətlər nəzərə alınmadan, hətta məxfi məlumatlar paylaşılır:
“Bu cür halların qarşısının alınması məqsədilə preventiv tədbirlər həyata keçirilir. Müdafiə sahəsində informasiyanın düzgün idarə olunması milli təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır”, – deyə polkovnik vurğulayıb.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov isə çıxışında məhkəmə proseslərinin işıqlandırılmasında medianın rolundan danışıb. O qeyd edib ki, ictimai məsələlərin obyektiv və balanslı təqdimatı cəmiyyətin hüquqi maarifləndirilməsi baxımından önəmlidir:
“Konstitusiya Məhkəməsi vətəndaşların müraciətlərinə açıqdır və mediaya bu istiqamətdə əməkdaşlıq üçün geniş imkanlar təqdim edir. Bakıda aparılan abadlıq-quruculuq işləri zamanı söküntü prosesində mülkiyyət hüququnun qorunması, kompensasiyanın təmin olunması ilə bağlı qəbul etdiyimiz qərarlar da ictimai maraq doğuran nümunələrdəndir”.