ABŞ mərkəzli texnologiya nəhəngi "Apple" 2025-ci ilin birinci rübünə dair maliyyə hesabatını açıqlayıb.
Valyuta.az xəbər verir ki, "Apple"ın məlumatına görə, geridə qalan üç aylıq müddətdə şirkət 95,4 milyard dollar gəlir əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım deməkdir. Şirkətin xalis mənfəəti isə 24,8 milyard dollar olub.
Məlumata görə, "Apple"ın açıqlamasında xidmətlər bölməsinin rekord gəlir əldə etdiyi bildirilir. Bununla belə, "iPhone" satışları analitiklərin proqnozlarını doğrultmayıb. Şirkət bu rübdə 46,8 milyard dollar dəyərində "iPhone" satışı həyata keçirib ki, bu da gözləntilərin altında qalıb.
Şirkətin baş direktoru Tim Kukun verdiyi açıqlamalarda ən diqqətçəkən məqamlar rüsumlarla bağlı olub. Onun sözlərinə görə, gələcəkdə nələrin baş verəcəyini dəqiq söyləmək mümkün deyil, lakin gömrük rüsumlarının xərcləri artıra biləcəyi ehtimalı var. Kuk bildirib ki, Donald Tramp administrasiyasının tətbiq etdiyi rüsumlar "Apple"ın xərclərini təxminən 900 milyon dollar artıracaq. Şirkət bu dövrdə gəlirlərini artırmağa nail olsa da, rəhbərlik qarşıdakı dövr üçün ehtiyatlı yanaşma sərgiləyir.
Sərvanə Rəmixanova