AZ

Cavanşir Feyziyev: Netanyahunun Bakıya səfərinin əsas məqsədi budur

İsrailin Baş naziri Benyamin Netanyahunun 2025-ci il mayın 8-nə  Bakıya planlaşdırılan səfəri Azərbaycan üçün həm diplomatik, həm də iqtisadi sahədə  əlamətdar hadisədir. 

 Azərbaycan və İsrail xüsusilə müdafiə və texnologiya sahəsində sıx əlaqələr saxlayır. İsrail Azərbaycana hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin əsas təchizatçılarından biridir. Netanyahunun Bakıya səfəri zamanı müdafiə sənayesi, enerji, kibertəhlükəsizlik və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələrin aparılacağı  mümkündür.

Həm İsrail, həm də Türkiyə ilə yaxşı münasibətlərə malik olan Azərbaycan xüsusilə Suriyada vəziyyətin pisləşməsi fonunda onların münasibətlərinin normallaşmasında vasitəçi rolunu oynaya bilər. Bakı artıq 2016 və 2021-ci illərdə bu rolu oynayıb və hazırkı səfər tərəflərin bir-birinə yaxınlaşmasına kömək edə bilər.

Şəkil

Artıq bir neçə həftə əvvəl Bakıda İsrail və Türkiyə xüsusi xidmət orqanlarının nümayəndələri arasında qapalı texniki danışıqların aparıldığının şahidi olmuşuq. Həmin vaxt Suriyada iki ölkənin orduları arasında baş verə biləcək insidentlərin qarşısının alınması mexanizmi müzakirə olunub. Bundan başqa, İsrail nümayəndə heyəti Türkiyənin hava məkanından yan keçərək Bakıya gəlib. Bu dəfə B.Netanyahu Türkiyə hava məkanından hökumət təyyarəsi ilə gələcək. 

Bu, Türkiyə rəhbərliyinin İsraillə münasibətlərdə gərginliyin dərəcəsini azaltmaq üçün addımlar atmağa hazır olması kimi qiymətləndirilə bilər. Həm də nəzəri ehtimal kimi Netanyahu ilə Ərdoğanın Bakıda görüşməsi baş tuta bilər. Hər halda, İsrailin baş nazirinin beş günlük səfəri beynəlxalq diplomatiya üçün nadir hadisədir ki, bu da Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətini vurğulayır. Bu, ölkənin Qərblə Şərq arasında etibarlı vasitəçi, regional siyasətə təsir göstərə bilən imicini gücləndirir. 

Bu yerdə xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri yenicə başa çatıb. Bu, çox isti, dostluq şəraitində keçdi və əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət rol oynayacaqdır. Bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas Bakıda səfərdə olub. O, Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu və ölkəmizin Aİ-nin enerji təchizatında böyük rol oynadığını bildirib.

Onu da xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına  tarixi dövlət səfəri olub, səfər zamanı ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Gördüyümüz kimi, qarşımızda Azərbaycanın qlobal geosiyasi arenada artan təsirinin sübutları var.

Və bu təsir bir günün nailiyyəti deyil, çoxillik zəhmətin bəhrəsidir. Xatırladaq ki, 2017-ci il fevralın 16-da məhz Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford arasında mühüm görüş baş tutub. 

Bu, Krımın ilhaqından və Ukraynanın şərqində münaqişənin başlanmasından sonra yüksək səviyyəli təmasların dayandırıldığı 2014-cü ilin yanvarından bəri iki ölkənin hərbi rəhbərləri arasında ilk təkbətək görüş idi. Hələ o zaman bəlli oldu ki, planetimiz üçün belə mühüm toplantının Bakıda keçirilməsi dünyanın aparıcı dövlətləri tərəfindən Azərbaycana etimaddan xəbər verir və onun beynəlxalq aləmdə artan nüfuzunu vurğulayır. İndi biz bunun yalnız yeni təsdiqini görürük. Əminəm ki, gələcəkdə dünya miqyaslı məsələlərin həllində ölkəmizin mühüm rolunun bir neçə dəfə şahidi olacaq.

Milli Məclisin deputatı Cavanşir Feyziyev

Seçilən
0
moderator.az

1Mənbələr