AZ

Azərbaycanın “iqlim gündəliyi” zəngindir: “Ətraf mühitin mühafizəsi tədbirləri gücləndirilib” - QHT sədri

İstiqamət: ekologiya və ətraf mühitin mühafizəsi;

Son 20 ildə Yer kürəsində baş verən  təbii fəlakətlər, sel və daşqınlar, torpaq sürüşmələri, zəlzələlərin  sayı  artıb. Qlobal istiləşmənin fəsadları açıq hiss edilməyə başlanıb. Planetin şirin su ehtiyatları olan buzlaqlar əriyir, torpaqlar şoranlaşır, su mənbələri quruyur. Bütün bunlar qlobal istiləşmənin nəticəsidir. Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması hansı tədbirləri zəruri edir?

Müsahibimiz "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlidir.

-Elman bəy, dünya ölkələri qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına çalışır. Ekoloji böhranın aradan qaldırılması üzrə əsas çağırışlar nədən ibarətdir?

-İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Ekspertlərin hesablamalarına görə, Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. 
Qlobal istiləşmənin əsas səbəbi kimi antropogen amilləri göstərirlər. Sənaye müəssisələrinin artması, iri meqapolislərin çoxalması, daxiliyanma mühərrikləri ilə işləyən avtomobillərin sayının artması atmosfer kirliliyi yaradan amillərdir. Havada karbon, metan, azot oksidləri və digər zərərli tullantılarının artması isə istixana effekti yaradır. 
Sel və daşqınların, quraqlığın artmasının, buzlaqların, biomüxtəlifliyin azalmasının, xəstəliklərin yayılmasının əsas səbəbi də qlobal istiləşmədir.  
Təbii ehtiyatlardan israfçılıqla istifadə də ciddi narahatlıq yaradan məsələdir.  Bu üzdən yaşıllıqlar, canlı aləm məhv olur, ekoloji tarazlıq pozulur. Xatırladım ki, ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. 
-Qlobal iqlim dəyişikliyi ilə mübarizədə ekoloji maarifləndirmə hansı rolu oynaya bilər? 
-Təbiətin mühafizəsinin gücləndirilməsi, yaşıılıqların qorunması, yaşıl nəqliyyata keçid, karbon emissiyasının azaldılması ekoloji maarifləndirməni zəruri edir. Ekoloji şüurun formalaşdırılması isə erkən yaşlarda başlansa yaxşı olar. Qeyd edim ki, ekoloji maarifləndirmə işinin genişləndirilməsində ictimai fəalların, KİV-in, gənc nəslin tərbiyəsi ilə məşğul olan pedaqoqların üzərinə böyük iş düşür. Ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir. Uşağa kiçik yaşlarından təbiətə qayğı ilə yanaşmanı aşılamaqla biz onun şəxsiyyətinin formalaşmasına ciddi təkan vermiş oluruq. 
Hesab edirik ki, yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır. Bu yolla gəncləri doğma torpağı və təbiəti  sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik.
Qeyd edim ki, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ərtaf mühiti qoru: maarifləndirmə aksiyaları" adlı layihənin icrasına başlayacaq. Əsas məqsədimiz gənc nəsildə ekoloji şüurun formalaşmasına təkan verməkdir. Bunun üçün təbiət könüllülərinin, fəalların iştirakı ilə ictimai müzakirələr keçirəcək, maarifləndirici televiziya verilişləri hazırlayacağıq.
Bəzən düşünürük ki, özünə dükan, sex tikmək üşün yaşıllıqları, qiymətli ağacları kəsən işbaz təbiətə, ekosistemə qarşı niyə belə laqeyddir, acımasızdır. Bunun səbəbi çox sadədir. Əgər uşaqlara erkən yaşlarında təbiəti, canlı aləmi, sahibsiz heyvanları sevdirsək, o, böyüyəndə bu qədər rəhmsiz olmayacaq. Dərk edəcək ki, çoxillik ağacları kəsmək olmaz. Çünki ağaclar nəfəsimizdir.
Hazırda bütün dünya ölkələri, beynəlxalq təşkilatlar, ekoloji fondlar qlobal iqlim dəyişikliyinin təsirinin azaldılması yollarını düşünür. Hesab edilir ki, qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına töhfə vermək üçün yaşıllıq zonaları salınmalı, meşələr qorunmalı, su ehtiyatlarına qənaət edilməli, biomüxtəliflik qorunmalı, ətraf mühitin mühafizəsi tədbirləri gücləndirilməlidir. 
-Dövlətlər karbon emissiyasının azaldılması üzrə öhdəliklər götürür. Ölkəmizin "iqlim gündəliyi"ndə nələr var? 
-Ölkəmizin qlobal karbon emissiyasında payı cüzidir. Bununla belə  Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə təşəbbüslərə dəstək verir. Çünki ekoloji böhran sərhəd tanımır. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub.  Ölkəmiz Paris Sazişini 2016-cı ildə ratifikasiya  edib, qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə töhfə  olaraq 1990 illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürüb. 
Ölkəmizin sənaye müəssisələri yerləşən iri şəhərlərində ətraf mühitin mühafizəsi tədbirləri gücləndirirlir. 2019-cu ildə 1 gündə ölkəboyu dahi Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 650 min ağac əkilib. "Gələcəyə nəfəs", "Yaşıl marafon" aksiyaları çərçivəsində 1 milyon, 2022-də 1.5 milyon, 2023 -Heydər Əliyev ilində 3 milyon ağac əkilib. 
Ümumiyyətlə son 6 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Meşələrin İnkişafı Xidməti tərəfindən 12 min hektarda 10 milyondan çox ağac əkilib. Ölkəboyu yaşıllıq sahələrinin salınması təqdirəqlayiqdir.
Bakı və digər iri şəhərlərdə havanın çirkliliyinin qarşısını almaq üçün nəqliyyat infrasturukturu yenidən qurulur və yaşıl texnologiyalara əsaslanır. Son illər Bakının bir sıra mərkəzi yerlərində avtomobil parklanmasının qarşısı alınıb, velosiped zolaqları yaradılıb. Ümumiyyətlə Bakının mərkəzi küçələrində daha çox elektromobillərin, velosiped və skuterlərin hərəkətinə şərait yaradılmalıdır. Tıxaclardan qurtulmaq, karbon emissiyasını azaltmaq üçün müəyyən istiqamətlər üzrə dəniz nəqliyyatı: qayıq taksilər istifadəyə verilsə yaxşı olar. Elektrik qatarları şəbəkəsi genişləndirilməli, tramvay xəttləri bərpa olunmalıdır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti-quruculuq və bərpa işləri yaşıl texnologiyalara əsaslanır. Ağıllı kəndlər qurulur, su ehtiyatlarından səmərəli istifadə ilə bağlı qabaqcıl təcrübələrdən istifadə olunur.  Yaxın gələcəkdə paytaxt Bakının yükünün azaldılması ilə bağlı layihələrin həyata keçirilməsi gözlənilir. Xüsusən ali məktəblərin, bir sıra sənaye müəssisələrinin paytaxtdan köçürülüməsi ekoloji tarazlığın qorunması istiqamətində mühüm addım olardı.

Səidə Ramazanova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr