İran və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi iki ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (İqƏT) çərçivəsində fəaliyyətlərinin uyğunluğunu artıra bilər.
Bunu "Report"a açıqlamasında pakistanlı politoloq Bəsim Reza deyib.
"İran və Azərbaycan arasında münasibətlərin yaxşılaşması İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional layihələrin, xüsusilə ticarətin təşviqi və enerji əməkdaşlığı kimi sahələrdə aktivləşməsi üçün katalizator ola bilər", - o qeyd edib.
Politoloqun fikrincə, İran və Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatında fraqmentasiyanı azaldan təşəbbüsləri birgə irəli sürə bilərlər: "Bundan əlavə, təşkilatın əsas üzvləri arasında etimadın möhkəmləndirilməsi onun iqtisadi inteqrasiya platforması kimi nüfuzunu artırır".
Bununıla yanaşı, B.Reza qeyd edib ki, ölkələr arasında siyasi proseslər konstruktiv dialoq və qarşılıqlı faydalı həll yollarının axtarışı istəyini nümayiş etdirir.
Qeyd edək ki, 2025-ci il iyulun 3-4-də Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatına (İqƏT) üzv dövlətlərin başçılarının 17-ci Sammitinin keçirilməsi gözlənilir.