BAKI, TurkicWorld
ABŞ-da demokratlar Müdafiə naziri Heqsetin istefasını tələb edirlər.
TurkicWorld xəbər verir ki, ABŞ Konqresindəki demokratlar Müdafiə naziri Pit Heqsetin vəzifəsindən uzaqlaşdırılması üçün Prezident Donald Trampa təzyiqləri artırıblar. Səbəb kimi, Heqsetin Signal mesajlaşma platformasında Yəmənə edilən hücumlarla bağlı həssas məlumatları paylaşması göstərilir.
Məlumata görə, Müdafiə nazirinin həyat yoldaşı, qardaşı və şəxsi vəkili ilə birgə daxil olduğu qrup söhbətində ABŞ ordusunun Yəmənə yönəlik əməliyyat planları müzakirə edilib. Eyni zamanda, Milli Təhlükəsizlik müşaviri Mayk Valsın da Pentaqon ofisindəki kompüterə Signal proqramının quraşdırılmasına göstəriş verdiyi iddia olunur.
Senatın azlıq lideri Çak Şumer sosial şəbəkədə “İndi Heqseti işdən çıxarın” çağırışı edib. Senator Blumenthal isə Valsın məsuliyyəti üzərinə götürdüyünü, əslində isə əsgərlərin təhlükəyə atılmasına görə Heqsetin cavabdeh olduğunu bildirib.
Hadisə ictimaiyyətdə “Signal qapısı” kimi tanınıb. Məlumata görə, Vals və onun müavini Aleks Vonq yaxın zamanda istefa verəcəklər.
Qeyd edək ki, qalmaqal mart ayında The Atlantic jurnalının baş redaktoru Ceffri Qoldberqin təsadüfən sözügedən Signal qrupuna əlavə edilməsi ilə başlayıb və bundan sonra məsələ geniş rezonans doğurub.