Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov “4-cü Aqro Biznesin İnkişafı Forumu: Harmoniyaya gedən yol” tədbirində çıxış edib.
Moderator.az həmin çıxışı təqdim edir:
"Hörmətli tədbir iştirakçıları,
Dəyərli fermerlər, sahibkarlar və beynəlxalq tərəfdaşlar,
Xanımlar və cənablar,
Sizi ölkəmizin aqrar və biznes dünyası üçün mühüm əhəmiyyət kəsb edən 4-cü Aqro Biznesin İnkişafı Forumunda səmimi salamlayıram. Bu gün biz burada yalnız kənd təsərrüfatı sahəsində nailiyyətləri müzakirə etmək üçün deyil, eyni zamanda qarşıdakı illərdə iqlimə dayanıqlı, innovativ və rəqabətqabiliyyətli aqrobiznesin inkişafına töhfə vermək üçün bir araya gəlmişik.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı və kənd təsərrüfatının strateji sektor kimi önə çəkilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Məhz bu siyasi iradə sayəsində aqrar sahəyə göstərilən diqqət bu gün real nəticələr, artan fermer məmnuniyyəti və dayanıqlı inkişafla öz təsdiqini tapır.
Dövlət olaraq kənd təsərrüfatında fəaliyyət göstərən bütün subyektləri, yəni kiçik ailə təsərrüfatlarından tutmuş iri aqroparklaradək dəstəkləmək bizim strateji prioritetimizdir. Bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir.
Dövlət tərəfindən həyata keçirilən subsidiya siyasəti çərçivəsində, biz fermerlərə göstərilən dəstəyi davamlı və sistemli şəkildə icra edirik. 2023-cü ildə 387,340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380,704 fermerə 362,5 milyon manat məbləğində subsidiyalar ödənilmişdir. Bu yalnız rəqəm deyil, bu, kəndin həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir.
Eyni zamanda, fermerlərimizin texnika və damazlıq heyvanlarla təminatı sahəsində də dövlətimiz onların yanındadır. Ötən il ərzində 6,477 texnika üçün 83,9 milyon manat, bu il isə 9,107 texnika üçün 80,8 milyon manat güzəşt ayrılmışdır. Həmçinin 2024-cü ildə 5,830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunmuşdur. Bu maliyyə təşviqləri həm yerli istehsalın stimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlı təsərrüfatların qurulmasına xidmət edir.
Qeyd etməliyəm ki, 4-cü Aqrobiznesin İnkişafı Forumu bu il “Harmoniyaya gedən yol” mövzusunda keçirilir. Bu, sadəcə şüar deyil, bu, iqtisadi inkişafla ətraf mühitin qorunması arasında tarazlığın yaradılması, dövlət və özəl sektor arasında güclü dialoqun qurulması, fermerlərin səsinin eşidilməsi və qərarların iştirakçılıq əsasında formalaşması deməkdir.
Forumun proqramında təqdim olunacaq mövzular, yaşıl maliyyələşmə, aqro-maliyyələşmə həlləri, rəqəmsallaşma və dayanıqlılıq mexanizmləri, ölkəmizin aqrar siyasətinin gələcək istiqamətlərini formalaşdıracaq.
Biz fermerin yanında olmaqla, əslində, dövlətin iqtisadi təməlini möhkəmləndiririk. Çünki kənd təsərrüfatı təkcə ərzaq təhlükəsizliyi deyil, həm də məşğulluq, sosial stabillik və ixrac potensialıdır.
Hörmətli tədbir iştirakçıları,
Azərbaycanın aqrar sektorunda əldə etdiyimiz uğurlar, cənab Prezident İlham Əliyevin göstərdiyi siyasi iradənin, islahatların və sahəyə ayrılmış diqqətin nəticəsidir. Lakin bu yolun davamı üçün fermerlərimizin, sahibkarlarımızın və bütün sektor iştirakçılarının birgə əməkdaşlığı və təşəbbüskarlığı çox əhəmiyyətlidir.
Bu gün burada toplaşaraq, biz bir daha nümayiş etdiririk ki, kənd təsərrüfatı sahəsində harmoniyaya, innovasiyaya və dayanıqlı inkişafa gedən yolda birlikdəyik.
Sonda vurğulamaq istərdim ki, növbəti günlərdə ölkəmizdə 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçiriləcəkdir. Bu sərgi fermerlər, sahibkarlar, investorlar və mütəxəssislər üçün kənd təsərrüfatı və qida sənayesinin aktual məsələləri barədə fikir mübadiləsi aparmaq, biznes əlaqələri qurmaq və müasir innovasiyalarla tanış olmaq imkanı yaradır. Hər birinizi həmin sərgilərdə fəal işitak etməyə dəvət edirəm.
Hamınıza səmərəli müzakirələr, faydalı görüşlər və uğurlu nəticələr arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm".