Bu yaxınlarda keçirdiyim avtoqəzadan sonra həm öz başıma gələn, həm də şahidi olduğum, xəbər tutduğum bəzi avtomobil qəzalarını təhlil etdim. Gəldiyim nəticə isə olduqca dəhşətli idi.
Əslində gündəlik həyatımızda istifadəsinə geniş yer verdiyimiz "Cana gələcəyinə, mala gəlsin" kimi məsum və xoşniyyətli bir ifadənin nə qədər ölümcül və təhlükəli bir silaha çevrilə biləcəyinin şahidi oldum. Və bir daha əmin oldum ki, "Təhlükəsizlik qaydaları"nın pozulması insanın həyat fəaliyyətinin istənilən sahəsində olduqca ağır fəsadlar törədə bilər. Bu sadə və anlaşılan qaydaları kimə desən, ürəkdən razılaşacaq, hətta bunları "Burda nə var ki, bunu balaca uşaq da bilir" - deyəcək. Amma iş tətbiq etməyə gəldikdə, "Allahın izni ilə heç nə olmaz" fikri illərin sınağından çıxmış, yazılmasına, tətbiqinə və yenilənməsinə kifayət qədər vəsait, vaxt və əmək sərf edilmiş qanunlardan üstün olur.
Bir də "Yazılmayan qanunlar" deyilən anlayış var ki, bunu anlamaq mənim üçün olduqca çətin, hətta mümkünsüzə bərabərdir.
İndi isə yuxarıda sadaladığım anlayışları bir az analiz edək. Öncə "Yazılmayan qanunlar"dan başlayaq ki, mənə görə, hər şeyin təməlində bu dayanır. Başqa ifadə ilə buna teorik əsası olmayan təcrübə də demək olar. Buna yaxın günlərdə rast gəldiyim bir qəza örnəyi üzərində baxaq.
Salyan rayonundakı məşhur dairədə Bakıdan gələn bir sürücü Yusif Qasımov küçəsinə (Salyanın içinə) tərəf dönmək istəyəndə Astara-Ələt yolu ilə gəlib, Bakı istiqamətində hərəkət edən avtomobili gözləmir və qəza baş verir. Adi avtoqəza kimi görünsə də, burda səbəb sürücünün səhlənkarlığı, diqqətsizliyi deyil, qaydalardan bixəbər olmasıdır. Daim Bakı şəhərində avtomobil idarə edən sürücü dairədə hərəkət edənlərin üstün olduğunu düşünüb yoluna davam edir və xoşbəxtlikdən sürət yüksək olmadığı üçün qəzada xəsarət olmayıb.
Buna bənzər bir hadisə də uzun müddət Neftçala rayonunda yaşayan bir sürücünün Ukrayna dairəsində eyni formada davranması ilə yaşanıb. Salyan dairəsində daim Xol zonası istiqamətindən (Astara istiqaməti) dairəyə yaxınlaşanda yolda üstün olduğunu nəzərdə tutaraq ölkə ərazisindəki bütün dairələrdə dairəyə yaxınlaşan sürücünün üstün olduğunu düşünüb və "SHACKMAN" markalı yük maşını ilə dairəyə girib, bütün hərəkət iştirakçılarına təhlükə yaradıb. Mənə ən çox təsir edən məqam bu səhvi etməsi deyil, səhvi etməsinin səbəbi olaraq Salyan dairəsində hərəkət qaydalarının Bakı şəhərindəki dairələrdə hərəkət qaydalarından fərqli olmasını göstərməsi oldu. Bu barədə söhbət edərkən özünü "50 ilin sürücüsü" adlandıranların heç biri ona fikir bildirərkən "Yol hərəkəti haqqında Qanun"un tələblərindən sitat gətirməməsi, mənə görə, həyəcan təbili çalmaq üçün səbəb oldu. Yəni, bu qədər vacib məsələyə belə laqeyd yanaşma günahın hər zaman tənqid olunan yol infrastrukturu, aidiyyatı qurumlar və sairində olmadığını, bu məsələdə sürücülərin günahının gözardı edilməyəcək qədər çox olduğunu bir daha sübut edir.
Çəkdiyim bu iki misal təkcə mənim, sadəcə kiçik bir rayonda şahidi olduğum hadisələrdən cəmi ikisi idi. Bunu ölkə üzrə sürücülərin sayı ilə müqayisə etdikdə təhlükənin miqyası ağılalmaz dərəcəyə çatır. Digər problem isə yuxarıda qeyd etdiyim "Cana gələcəyinə, mala gəlsin"çilərdir. Tıxacda və ya sürətin zəif olduğu situasiyalarda digər avtomobillərə dəymək qorxusu olmadan kəskin manevr edənlər, zolaqda hərəkət edənlərin ona yol verəcəyindən əmin olmadan, necə gəldi zolaq dəyişənlərdir. Fikirlərində "mən onsuz da profesional sürücüyəm", "qəza olsa, maksimum maşın əziləcək, onu da sığorta düzəldəcək" kimi düşüncələr ilə necə gəldi yollarda hərəkət edirlər. Bu zaman qarşıdakı sürcünün peşəkarlıq dərəcəsini, onun qəzadan qaçmaq üçün manevr edərkən hansısa piyadaya və ya avtomobilə dəyərək qəza törədə biləcəyini heç düşünmürlər. Buna da yaxın günlərdə qarşılaşdığım bir hadisə ilə örnək verim.
Kənd yolunda iki avtomobilin toqquşması ilə qəza baş vermişdi. Tam olaraq günahkarın kim olduğunu bilmirəm. Amma sürücülərdən və sərnişinlərdən heç biri fiziki travma və ya xəsarət almamışdı. Qəza törədən avtomobillərdən birinin sürücüsü şəkər xəstəsi idi və hadisənin şokundan xəstəxanaya çatana qədər dünyasını dəyişdi. Hazırda ölkədəki avtomobil yollarının dünya standartları səviyyəsinə çatdırılması istiqamətində işlər görülür. Yəni, hələ ki dünya standartları səviyyəsində deyil. Amma bu sürücülərə istədikləri kimi qaydaları pozmağa və digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratmağa əsas vermir. Yuxarıda yazılanları oxuyan şəxsdə bütün günahın sadəcə sürücüdə olduğu fikri yaranır, amma bu mövzuda piyadaların da sürücülər qədər günahkar olduğunu unutmamaq lazımdır. "Yol hərəkəti haqqında Qanun”da yol hərəkəti iştirakçılarının bu Qanunu bilməsi və riayət etməsi tələb edilsə də, hadisə baş verən zaman Qanunun tələbləri yalnız sürücülərə qarşı işləyir. Bu da piyadalarda məsuliyyət baxımından arxayınlıq yaradır. Amma əksəriyyət dərk etmir ki, qəzaya düşüb sağlamlığını və ya həyatını itirdikdən sonra haqlı və ya haqsız olmağın bir önəmi yoxdur. Mövzunu çox uzatmadan "Məni içki tutmur" deyənlərə keçək. Bu da əsasən də regionlardakı hərəkət iştirakçılarının kabusuna çevrilmiş hadisədir. Ayıq ikən qaydaların 10 faizini bilməyən biri "Mən piyan olanda çox ehtiyatlı sürürəm" deyə bir növ vicdanını rahatladaraq hərəkətinə "qanuni" don geyindirir. Bu mövzuya uyğun heç bir konkret baş vermiş hadisə misalı çəkmək istəmirəm. Əminəm ki, içi mən qarışıq bu yazını oxuyan hər kəs bu mövzuda azı bir bədbəxt hadisə ilə qarşılaşıb. Fikir versəniz, yuxarıda qeyd etdiyim misallarda konkret qanun tələbləri, nişanların və ya nişanlanma xətlərinin qanuni adlarını yazmadım ki, məqaləm hər kəs üçün anlaşılan olsun. Umutmayaq ki, təhlükəsizlik qaydaları gündəlik fəaliyyətimizin hər sahəsində bizim həyatımızı və sağlamlığınızı qorumaq üçündür. Bu qaydaların pozulması zamanı tətbiq edilən cəzaları isə hansısa düşmən qüvvənin zülmü olaraq deyil, xətalarımızı anlamağımız üçün vasitə olaraq görmək lazımdır. Cəzalar və onlara yanaşma mövzusunda isə yaxın vaxtlarda eyni üslüblu yeni yazı yazmağa çalışacağam.
Raul Səmədli