Azərbaycanın futzal üzrə milli komandasının sabiq üzvü, hazırda "Neftçi"nin şərəfini qoruyan Namiq Məmmədkərimov sərt cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, buna dünən futzal üzrə Yüksək liqanın XVI turunda "Şuşa"ya qarşı oyunda baş verən hadisə səbəb olub.
"Neftçi"nin kapitan sarğısını daşıyan N.Məmmədkərimov matçın 34-cü dəqiqəsində təcavüzkar davranış nümayiş etdirdiyinə görə qırmızı vərəqə alıb. Bu epizodda onun komanda yoldaşı Emil Həsənzadə də eyni hərəkətə yol verib.
Nəticədə AFFA İntizam Komitəsi hər iki futzalçını 4 oyunluq diskvalifikasiya edib.
XVI turun çempinluq baxımından prinsipial sayılan "Araz-Naxçıvan" - "Baku Fire" görüşündə də neqativ hal yaşanıb.
Belə ki, "Baku Fire"nin üzvü Elvin Quliyev 28-ci dəqiqədə söz və ya hərəkətlə etiraz səbəbindən 2-ci sarı vərəqənin ardınca qırmızı vərəqə alıb. O, meydançadan qovulduqdan sonra oyunun bərpasına maneçilik törədib, qarşılaşmadan sonra hakimləri təhqir edib.
Elvin Quliyev üst-üstə 5 oyunluq cəzaya məruz qalıb.