"İlk öncə onu qeyd etmək lazımdır ki, Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən önəmli hadisələrdən biridir. Yüzdən artıq ölkəni təmsil edən QHT rəhbərlərinin iştirak etdiyi bu tədbir yalnız vətəndaş cəmiyyəti təşəbbüsü deyil, eləcə də Azərbaycanın yeni formalaşan dünya nizamında nə qədər önəmli rola malik aktora çevrildiyinin də bariz nümunəsi ola bilər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib. O qeyd edib ki, Qlobal Cənub QHT Platformasının Bakıda yaradılması Azərbaycanı regional liderdən qlobal diplomatik mərkəzə çevirən strateji addımdır:
"Azərbaycanın təşəbbüsü ilə belə bir platformanın yaradılması onun Qlobal Cənub ölkələri arasındakı mövqeyini də gücləndirir. Belə ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan artıq onu qlobal oyunçuya çevirən önəmli addımların müəllifi qismində çıxış edir. Nəzərə alsaq ki, Azərbaycanın balanslı xarici siyasət konsepsiyası kifayət qədər praqmatik yanaşmalara əsaslanır, bu siyasət çərçivəsində Qlobal Şimal və Qlobal Cənub ölkələri arasında birləşdirici qüvvə roluna malik olan Azərbaycanın xüsusi strateji üstünlüyü istisna edilməməlidir. Nəticə etibarilə, hökumətləri və ictimai institutlatı birləşdirən Qlobal Cənub QHT Platforması Azərbaycanı beynəlxalq münasibətlər sisteminin mühüm mərkəzlərindən birinə çevirə bilər".
Səidə Ramazanova