AZ

Sumqayıt Kimya Sənaye Parkının iqtisadi inkişafda rolu - ARAŞDIRMA

Deputat: Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın ilk və Cənubi Qafqazın ən böyük sənaye parkıdır. Parkın ərazisi 613 hektardan çoxdur və 2011-ci il 21 dekabr tarixli prezident fərmanı ilə yaradılıb. Park Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır və bu sahədə əhəmiyyətli bir iqtisadi zonadır.
 

Operativ Media xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən əsas sahələr aşağıdakılardır:
 

  1. Kimya sənayesi məhsulları: Qeyri-üzvi kimya, üzvi sintez kimyası, polimerlər, məişət kimyası və əczaçılıq kimyası məhsulları.

  2. Tikinti materialları: Müxtəlif tikinti sahələrində istifadə olunan məhsulların istehsalı.

  3. Metallurgiya sənayesi: Qara və əlvan metal məhsulları, metallurji proseslər üçün qatqılar.

  4. Qablaşdırma məhsulları: Fərqli sektorlara uyğun qablaşdırma məhsullarının istehsalı.

  5. Maşınqayırma sənayesi: Avtomobilqayırma, kənd təsərrüfatı texnikası və elektroenergetika üzrə məhsulların istehsalı.

  6. İnformasiya-kommunikasiya texnologiyaları: İKT sahəsində müxtəlif məhsullar.

  7. Yüngül sənaye məhsulları: Yüngül sənayə sahəsində istehsal olunan məhsullar.
     

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımlı Operativ Media-ya bildirib ki, hazırda parkda 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib:

"Bu müəssisələr tərəfindən 5,5 milyard manatdan çox investisiya yatırılıb və 6200-dən çox insan daimi işlə təmin olunub. Gələcəkdə əlavə olaraq 515 milyon manat investisiya yatırılması və 2700 yeni iş yerinin yaradılması nəzərdə tutulur".

 

Onun sözlərinə görə, hazırda parkda 26 müəssisə fəaliyyət göstərir:

"Bu müəssisələr kimya sənayesinin müxtəlif sahələrində (polimer, karbamid, tikinti kimyəvi maddələri, şüşə tara, alüminium təbəqə və s.) istehsal həyata keçirirlər. Parkda həmçinin, yeni müəssisələrin açılması planlaşdırılır. Bu müəssisələr alüminium təbəqəli güzgü, karton kağız qablaşdırma, mühərrik və sənaye yağlarının təkrar emalı kimi sahələrdə fəaliyyət göstərəcək".

 

Parkın potensialı və inkişaf perspektivləri
 

Sumqayıt Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün əlverişli biznes mühiti təqdim edir. Parkda fəaliyyət göstərən şirkətlər dövlət vəsaiti hesabına infrastrukturdan istifadə edə bilərlər. Həmçinin rezidentlər 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərindən azad olunurlar. Bu güzəştlər parkın inkişafını daha da sürətləndirir.
 

İş imkanları və tələbat olan peşələr
 

Parkda 6200-dən çox daimi iş yeri yaradılıb və mövcud layihələr çərçivəsində 2700-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Burada ən çox tələbat olan sahələr arasında mühəndislik, İKT, energetika, mexanika, qaynaqçılıq, avtomatika və digər sənaye peşələri yer alır.
 

Yeni müəssisələrin parkın inkişafına qatqıları
 

Aprelin 30-da Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında iki yeni müəssisənin açılışı həyata keçirildi. Bu müəssisələr tikinti kimyəvi maddələrinin istehsalı və “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı sahələrində fəaliyyət göstərəcəkdir. Bu müəssisələrin açılması qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərəcək və ölkənin ixrac coğrafiyasını genişləndirəcəkdir. Yeni müəssisələr daxili bazara xidmət etməklə yanaşı növbəti mərhələlərdə Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan və İran kimi ölkələrə ixrac edəcəkdir.
 

İnvestisiyalar və iqtisadi dəstək
 

İZİA-nın mətbuat katibinin sözlərinə görə, yeni müəssisələrə dövlət tərəfindən mühüm dəstək göstərilmişdir: "İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən rezidentlərə infrastrukturla təmin edilmiş torpaq sahələri təqdim olunub və onlara vergi güzəştləri tətbiq edilib. Məsələn tikinti kimyəvi maddələrinin istehsalı müəssisəsi texnika və avadanlıq idxalında 2 milyon manata yaxın qənaət əldə edib. Sahibkarlığın İnkişafı Fondu da müəssisələrə 6 milyon manat güzəştli kredit vermişdir. Bu dəstək nəticəsində yeni müəssisələr tərəfindən 200-dən çox daimi iş yeri yaradılmış və növbəti mərhələdə əlavə 200 iş yeri açılması planlaşdırılır".

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir:

"Park fəaliyyətə başladığı gündən 5 milyard manatdan artıq ixracat həyata keçirilib. Bu ölkənin qeyri-neft ixrac imkanlarını genişləndirmək baxımından olduqca əhəmiyyətlidir. Hal-hazırda parkın rezidentləri 70-dən çox ölkəyə qeyri-neft məhsulları ixrac edirlər ki, bu da qeyri-neft ixracatının genişlənməsi üçün vacib bir göstəricidir.

Parkın daxili bazarda yerli məhsulların təmin edilməsi baxımından da xüsusi rolu var. Prezidentin Sumqayıt Sənaye Parkında yeni müəssisənin açılışını həyata keçirməsi və bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi, sənaye parkının növbəti mərhələdə qeyri-neft sektorunun inkişafında əsas drayverlərdən biri olacağını göstərir. Hazırda parkın məhsulları dünyanın müxtəlif ölkələrinə və hətta qitələrinə göndərilir, bu da həmin məhsullara olan xarici tələbin artdığını göstərən əsas faktorlardan biridir.

Beləliklə, Sumqayıt Kimya Sənaye Parkı yalnız Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə vermir, həm də növbəti mərhələdə ölkəmizin qeyri-neft ixrac imkanlarının daha da genişlənməsi üçün əlverişli şərait yaradır".
 

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında yaradılan istehsal sahələrinin gücü və potensialı artdıqca, istehsal həcmi də genişlənir:

"Bu həm daxili bazara, həm də ixrac yönümlü məhsulların istehsalının və ixracatının artırılmasına şərait yaradacaq. Son dövrlərdə qeyri-neft sektorunun ixracatında nəzərəçarpan artım müşahidə olunur. Məsələn bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 11 faizə yaxın artım qeydə alınıb. Burada Sənaye Parklarının rolu əhəmiyyətlidir.

Sumqayıtda yeni sənaye müəssisələrinin açılması və istehsal sahələrinin genişlənməsi, qeyri-neft sektorunun potensialını artıraraq ixracatın yüksəlməsinə müsbət təsir göstərəcək. Bu inkişaf çox vacibdir, çünki Azərbaycanda neft hasilatının azalması və neft qiymətlərinin enməsi nəticəsində qeyri-neft sektoru daha aktual və önəmli hala gəlib. Qeyri-neft sektorunun artması istehsal və ixracatın yüksəlməsinə, dolayısıyla isə ölkəyə valyuta gəlirlərinin qeyri-neft sektoru vasitəsilə daxil olmasına imkan yaradır.

Eyni zamanda qeyri-neft sektorunun genişlənməsi yeni iş yerlərinin yaranmasına da səbəb olacaq. Bu isə həm vətəndaşların gəlirlərinin artmasına, həm də əlavə vergi gəlirlərinin dövlət büdcəsinə daxil olmasına şərait yaradacaq. İş yerlərinin artması yalnız sənaye müəssisələrinin gəlirini deyil, eyni zamanda Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxil olan vəsaitləri də artıracaq. Bu şəkildə iş yerlərinin artması ikili təsir göstərir: həm iqtisadiyyatın güclənməsinə, həm də sosial rifahın yüksəlməsinə kömək edəcək". 


Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqaməti üzrə hazırlanıb.

Seçilən
0
operativmedia.az

1Mənbələr