Onun sözlərinə görə, bu görüş ABŞ və İran arasında nüvə proqramı ilə bağlı yüksək səviyyəli danışıqlardan əvvəl texniki xarakter daşımalı idi. Lakin əsas danışıqlar təxirə salındığı üçün texniki görüşün də aktuallığı aradan qalxıb: "Hazırda bu görüşə ehtiyac yoxdur," - deyə Barro qeyd edib.
Fransanın xarici işlər naziri bildirib ki, əgər yaxın həftələrdə İranın nüvə proqramının nəzərəçarpacaq, yoxlanıla bilən və etibarlı şəkildə məhdudlaşdırılması ilə bağlı razılıq əldə olunmasa, Avropa İttifaqı İrana qarşı yenidən sanksiyalar tətbiq edəcək: "Əgər razılaşma əldə olunmasa, biz, avropalılar, 10 il əvvəl dayandırdığımız sanksiyaları bərpa edəcəyik."
Barro əlavə edib ki, ABŞ danışıqlar qrafikini Avropa tərəfi ilə koordinasiya edir.
Qeyd edək ki, ABŞ və İran arasında növbəti - dördüncü raund danışıqlar mayın 3-də Romada keçirilməli idi. Lakin Reuters agentliyinə danışan iranlı mənbənin sözlərinə görə, bu görüş də təxirə salınıb və yeni tarix ABŞ-nin yanaşmasından asılı olaraq müəyyən ediləcək.
Xatırladaq ki, Vaşinqton və Tehran daha əvvəl Oman vasitəçiliyi ilə üç raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31