BAKI, TurkicWorld
İsraildə meşə yanğınları və qum fırtınası ölkənin cənubunu vurub.
TurkicWorld xəbər verir ki, İsrailin Qüds və Təl-Əviv arasındakı meşəlik ərazilərdə baş verən irimiqyaslı yanğınlar və eyni vaxtda ölkənin cənubunu əhatə edən güclü qum fırtınası ciddi təbii və humanitar vəziyyət yaradıb.
İsrailin “Haaretz” qəzetinin təhlükəsizlik mənbələrinə istinadla verdiyi məlumata görə, Eştaol meşəsi yaxınlığındakı bəzi kəndlərdə baş verən hadisələrin Fələstin kəndlərinə basqın edən bəzi radikal qrupların əkin sahələrində yanğına səbəb olması ilə başladığı iddia olunur. Güclü külək nəticəsində alov meşə sahələrinə keçib və 12 min hektardan çox ərazini əhatə edib.
Yanğın nəticəsində Qüds və Təl-Əviv arasındakı 5 yaşayış məntəqəsi – Neve Şalom, Bekoa, Taoz, Naşşon və Mesilat Sion boşaldılıb, 7000-ə yaxın sakin təxliyə olunub. İsrailin Fövqəladə Hallar Xidməti bildirib ki, alovun qarşısını almaq üçün 119 yanğınsöndürmə qrupu və 12 hava vasitəsi cəlb edilib. Eyni zamanda, bəzi əsas yollar, o cümlədən 1 nömrəli magistral yolun bağlandığı bildirilib.
Qeyd edək ki, İsrail hökuməti vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün Yunanıstan, Xorvatiya, İtaliya və Cənubi Kipr də daxil olmaqla bir neçə ölkəyə beynəlxalq yardım üçün müraciət edib. Artıq Cənubi Kipr və İtaliyadan 8 yanğınsöndürmə təyyarəsinin İsrailə göndərilməsi planlaşdırılıb.
Bununla yanaşı, İsrailin cənub bölgələrində baş verən və nadir rast gəlinən qum fırtınası da əlavə çətinliklər yaradıb. Kanal 12 televiziya kanalı fırtınanı "qeyri-adi" adlandırıb və bəzi bölgələrdə görmə məsafəsinin sıfıra qədər düşdüyünü bildirib. Fırtına və yanğınların eyni vaxtda baş verməsi fövqəladə vəziyyətin miqyasını daha da genişləndirib.