AZ

Ev almaq istəyənlər üçün xəbərdarlıq – Aldana bilərsiniz

Əhali sayı artdıqca, Bakıda mənzillərə olan tələbat da yüksəlir. İnsanlar nağd şəkildə mənzil ala bilmədikləri üçün ipotekaya üz tuturlar. Dövlət ipotekası isə məhdud olduğundan, vətəndaşlar tikinti şirkətlərinin təklif etdiyi daxili kreditlərə müraciət edirlər. Bəs daxili ipotekaya müraciət edərkən nəyə diqqət etmək lazımdır?
 
Bu barədə Moderator.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, əvvəllər daşınmaz əmlakın qiyməti yüksək deyildi və vətəndaşların yığım kapitalı müəyyən müddət ərzində pul yığıb hər hansı bir əmlak almağa və ya ev tikdirməyə imkan verirdi:
 
“Lakin son dörd il ərzində daşınmaz əmlakın kəskin bahalaşması nəticəsində ipotekaya müraciətlərin sayı 2-3 dəfə artıb. Təbii ki, bir çox vətəndaşların gəlir səviyyəsi əvvəlki vəziyyətdə qaldığı üçün onların daşınmaz əmlak alması daha da əlçatmaz olub. İpoteka götürə bilməyən vətəndaşlar – xüsusilə rəsmi gəliri az olanlar – çıxış yolu kimi tikinti şirkətlərinin daxili ipotekalarına müraciət edirlər. Ölkədə, xüsusilə də Bakı və Abşeron ərazisində təkliflərin sayı çox azdır. Tikinti şirkətlərinin çoxu binanın bünövrə mərhələsindən başlayaraq, bina tam tikilib başa çatanadək – təxminən iki, iki yarım il müddətində – hissə-hissə ödəniş əsasında daxili kredit təklif edir. Bununla yanaşı, bir neçə böyük holdinq var ki, bu vəziyyətdən istifadə edərək vətəndaşlara tam təmirli və hazır binalardan mənzil təklif edirlər. Lakin onların təklif etdiyi mənzillərin həm faiz dərəcəsi, həm də ilkin satış qiyməti digər alternativ əmlaklarla müqayisədə qat-qat bahadır. Nəticədə bəzi vətəndaşlar çıxılmaz vəziyyətdə qalıb bu cür kreditlərə və ipotekalara müraciət edirlər. Hətta bir müddət sonra peşman olub həmin mənzilləri təkrar satışa çıxaranlar da olur. Bu hallar son zamanlar tez-tez müşahidə edilir. Vətəndaşların bir qismi ödənişləri davam etdirə bilmir, bir qismi isə aldadıldıqlarını düşünərək mənzilləri satışa çıxarır. Çünki bu mənzillərin yekun satış qiyməti alternativ əmlaklarla müqayisədə iki dəfə baha başa gəlir”.
 
Ekspertin sözlərinə görə, daxili ipoteka ilə ev alarkən bəzi tikinti şirkətləri ilə bağlı risklər artır:
 
“Birinci məsələ – illik faiz dərəcəsi, mənzilin ilkin satış qiyməti və nəticədə həmin əmlakın alıcıya neçə manata başa gəlməsidir. Orta hesabla mənzilin nağd alışla müqayisədə yekun qiyməti təxminən iki dəfə baha olur. Bu baxımdan vətəndaşlar öz gəlirlərini nəzərə alaraq qərar verməlidirlər ki, bu yükü daşımağa hazırdırlar, ya yox. 
İkinci vacib məsələ – mənzilin sahəsidir. Bəzən faktiki sahə ilə sənəddə göstərilən sahə arasında ciddi fərqlər olur. Bu da alıcı üçün problem yarada bilər.
Digər bir məsələ – mənzilin təmirinə zəmanət verilib-verilməməsidir. Çox vaxt mənzillər “təmirli” adı ilə satılır, lakin təmirin keyfiyyəti və zəmanət şərtləri dəqiq göstərilmir. Bu səbəbdən, müqavilə imzalamazdan əvvəl hüquqşünas və ya əmlak üzrə ekspertlə məsləhətləşmək tövsiyə olunur.
Və nəhayət, bütün ödənişlər mütləq şəkildə bank köçürməsi yolu ilə həyata keçirilməlidir. Heç bir halda nağd və ya qeyri-rəsmi yollarla ödəniş edilməməlidir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
moderator.az

1Mənbələr