BAKI, 2 may. TELEQRAF
Rusiya Kənd Təsərrüfatı Nəzarət Xidməti (Rosselxoznadzor) Türkiyədən gətirilən bitki mənşəli məhsullarda pozuntuların artdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, qurum Türkiyədən Rusiyaya ixrac edilən meyvə-tərəvəz məhsullarının fitosanitar baxımdan təhlükəli olduğunu açıqlayıb.
"Rosselxoznadzor"dan vurğulanıb ki, bu hallarla bağlı Türkiyə tərəfi məlumatlandırılıb. Aşkarlanan faktlar üzrə rəsmi araşdırma aparılması, təcili tədbirlərin görülməsi istənilib.
Qeyd olunub ki, bu cür pozuntular Türkiyənin Rusiyaya ixrac etdiyi məhsulların fitosanitar təhlükəsizliyi ilə bağlı sistemin səmərəli olmamasına dəlalət edə bilər.
Belə ki, 2025-ci ilin əvvəlindən etibarən Türkiyədən Rusiyaya idxal olunan sitrus meyvələri, bibər, pomidor, nar və armudlarda Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələr üçün karantin hesab edilən obyektlər aşkar olunub.
Bundan əlavə, 2024-cü ildə "Rosselxoznadzor" tərəfindən Türkiyədən idxal olunan 1664 partiya bitki mənşəli məhsuldan nümunələr götürülüb. Nəticədə 104 partiya (6,25%) Rusiyanın qanunvericiliyinə uyğun gəlməyib. Ən çox uyğunsuzluq üzüm (23,42%), kabaçok (21,28%), albalı (15,51%), alma (11,59%) məhsullarında aşkarlanıb.
Qeyd edək ki, Türkiyə Rusiyanıb meyvə-tərəvəz idxalında mühüm yer tutur. Hər il Türkiyədən Rusiyaya 1,2-1,5 milyon ton meyvə və tərəvəz göndərilir.Bu da Rusiyanın ümumi idxalının təxminən 13%-ni təşkil edir. Türkiyədən Rusiyaya ixracolunan əsas məhsul qruplarına sitrus meyvələri, tumlu və çəyirdəkli meyvələr, üzüm və nar, tərəvəz məhsulları içində isə badımcan,bibər və pomidor daxildir.