AZ

Netanyahunun Azərbaycana ilk səfəri - O, Bakıda Heydər Əliyevə nə demişdi...

İsrailin Baş naziri Benyamin Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək.
"Times of Israel" nəşrinin Baş nazirin ofisinə istinadən yaydığı məlumata görə, Benyamin Netanyahunun Azərbaycan səfəri mayın 7-dən 11-dək sürəcək.

Mayın 8-də B.Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşəcək. Elə həmin gün Azərbaycandakı yəhudi icmasının üzvləri ilə bir araya gələcək.

B.Netanyahunun Azərbaycanın Milli Qəhrəmanı, milliyətcə yəhudi Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını da ziyarət edəcəyi gözlənilir.

Benyamin Netanyahunın Bakıya gözlənilən səfəri Azərbaycan-İsrail əlaqələrinin strateji xarakter daşdığını bir daha təsdiq edir. Siyasi ekspertlərin fikrincə, Avrasiya məkanında İsraillə Azərbaycan qədər sıx münasibətləri olan ölkə yoxdur.

Yeri gəlmişkən, Benyamin Netanyahu İsrailin Azərbaycana səfər edən ilk və yeganə Baş naziridir.

Modern.az-ın məlumatına görə, qarşıdakı səfər İsrail Baş nazirinin Azərbaycana ilk gəlişi olmayacaq.

Benyamin Netanyahu ilk dəfə Bakıya 1997-ci ilin avqust ayında, gecə saatlarında səfər edib.

Həmin yolüstü səfər Azərbaycan diplomatiyası tarixində ən nadir hadisələrdən biri kimi qiymətləndirilir. O zaman Azərbaycan Respublikasına görkəmli siyasi xadim Heydər Əliyev rəhbərlik edirdi.

Heydər Əliyev Benyamin Netanyahunu elə gecəykən Zağulbadakı Prezident iqamətgahında qəbul etmiş və liderlər arasında təkbətək söhbət aparılmışdı. Məhz Zağulbadakı 29 avqust tarixli görüşdə Benyamin Netanyahu Heydər Əliyevə İsraildə Azərbaycan səfirliyinin açmağı təklif etmiş, ümummilli liderin cavabı isə belə olmuşdu:

“...Mən sizin İsraildə Azərbaycan səfirliyinin açılmasının zəruriliyi barədə fikrinizi dəstəkləyirəm. Ümid edirəm ki, bu məsələ tezliklə həll ediləcəkdir”.

Həmin səfərdən sonra Təl-Əvivlə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başladı.

İsrail həmişə dünyaya açıq şəkildə bəyan edir ki, Təl-Əviv Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İsrail münaqişə dövründə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını Ermənistandan tələb edib.

İsrail dəfələrlə həm Baş nazir səviyyəsində, həm də müdafiə naziri səviyyəsində Azərbaycanın strateji dostu olduğunu bəyan edib.

2009-cu ildə İsrailin 9-cu mərhum prezidenti Şimon Peres də Azərbaycana ilk tarixi səfərini etmişdi.

Mərhum dövlət başçısı Heydər Əliyevin Benyamin Netanyahuya vəd etdiyi məsələ nəhayət 2023-cü ilin 29 martında öz həllini tapdı – Azərbaycanın İsraildə səfirliyi açıldı.


Şəkildə soldan sağa: Prezident Heydər Əliyevin tərcüməçisi Rauf Hüseynov, İsrailin Bakıdakı səfiri Arkadi Milman, Baş nazir Benyamin Netanyahu, onun xanımı Sara Netanyahu və Azərbaycan Prezidenti Heydər Əliyev...

Ə.Qafarlı

Seçilən
0
modern.az

1Mənbələr