Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələkbər Sönməzin sayca yeddinci - ,,Qaytara bilsəydim ötən günləri" adlı şeirlər kitabının təqdimatı keçirildi.
Moderator.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda düzənlənən təqdimat mərasimində şairin qələm dostları, jurnalistlər, ziyalılar ictimaiyyət nümayəndələri, oxucular və ailə üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid açaraq, qonaqları salamlayıb. Müəllifin yaradıcılığı və təqdim olunan kitab haqqında fikrini bildirib, tədbiri aparmaq üçün sözü filologiya üzrə fəlsəfə doktoru, kitabın "Ön söz" müəllifi İlham Məmmədliyə verib.
İ.Məmmədli şairin Başlıbeldəki 4 aylıq mühasirə həyatından və yaradıcılığından geniş bəhs edib.
Qonaqlardan Mirsəyyaf Zamanlı, Arif Süleymanov, Namiq Dəlidağlı, Qalib Süleymanov, Həbib Misirov, Həqiqət Şükürova, Vüqar Həşimov, Cəmilə Çiçək, Nurəddin Həşimov, Vüqar İsayev, Vüsalə Məmmədova, Şahlar Həsənov, Natiq Salahov, Bəhlul Qocayev, Rövşən Hüseynli, Həbib Nəbioğlu, Zaur Akifoğlu, Habil Sönməzoğlu və başqaları çıxış edərək, şairin yaradıcılığına nəzər salıb ədəbi yaradıcılığını təhlil etdilər. Ə.Sönməzi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, yaradıcılığının bəzi məqamlarına toxunublar.
Kəlbəcərin işğalı zamanı Başlıbel sakinləri ilə bərabər mühasirədə qalan, faciəni gözləri ilə görən Müşfiq və Məzahir o günləri xatırladılar, Ə.Sönməzin yaradıcılığında bu ağrı-acının dərin iz buraxdığını dilə gətirdilər.
Şagirdlərin ifasında şairin şeirlərindən nümunələr səsləndirib. Sonda Ələkbər Sönməz təqdimata cəm olanlara öz minnətdarlığını bildirib, yeni şeirlərini oxuyb.