Mediada bəzi ciddi risklər meydana çıxa bilər, onlar sırasında dezinformasiya, nifrət nitqi, şəxsi həyatın toxunulmazlığına müdaxilə, rəqəmsal təqib, kiberzorakılıq, təhsildən yayındırma, zərərli sahələrə meyillik, aqressiv davranışlara səbəb olma halları ilə bağlı risklər xüsusi ilə qeyd olunmalıdır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumda deyib.
O bildirib ki, bu səbəbdən media sahəsində fəaliyyət həm hüquqi, həm də etik çərçivələrlə tənzimlənməli, milli-mənəvi dəyərlər nəzərə alınmalı və ən əsası bu fəaliyyətin həyata keçirilməsi insan hüquqlarına hörmət və riayət edilməsi prinsipləri ilə uzlaşdırılmalıdır.
Onun sözlərinə görə, Ombudsmanın fəaliyyətində beynəlxalq və yerli media ilə əməkdaşlığın daha sıx və səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Bu əməkdaşlıq Müvəkkilin fəaliyyətinin beynəlxalq və yerli mediada işıqlandırılması, mətbuatda ictimailəşdirilən problemlərin, media subyektlərinin özlərindən daxil olan müraciətlərin, habelə mediada məlumatların dərc olunması ilə əlaqədar yol verilən insan hüquq pozuntuları hallarının araşdırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində davam etdirilir:
"Daxil olan şikayətlər, habelə mediada, sosial şəbəkə resurslarında yayımlanan və şəxslərin, xüsusi ilə də əhalinin həssas qruplarının hüquqlarını pozan, şəxsi və ailə həyatına, şərəf və ləyaqətə toxunan müxtəlif məzmunlu məlumatlarla bağlı tərəfimizdən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır".