Əldə olunan nəticələr göstərir ki, innovativ yanaşmalar artıq Azərbaycanın kənd təsərrüfatında öz bəhrəsini verir.
“Report” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional direktor müavini Nabil Gangi Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda deyib.
“Ötən il Qubada keçirilən Aqrobiznesin İnkişafı Forumu çərçivəsində ölkənizə etdiyim səfəri xatırlayıram. Həmin tədbirdə Azərbaycanın dərin kənd təsərrüfatı köklərini və daha davamlı, yenilikçi bir gələcəyə doğru atdığı cəsarətli addımları yaxından hiss etdim”, - deyə o bildirib.
O, forumun COP29-dan dərhal sonra keçirilməsinin də təsadüfi olmadığını vurğulayıb: “Azərbaycanın qlobal iqlim gündəmini formalaşdırmaqda aparıcı rol oynadığı COP29-dan sonra bu Forum xüsusi əhəmiyyət daşıyır. Bakının yaratdığı impuls hələ də təzədir və indi bu qlobal öhdəlikləri tarlalara, fermalara və gələcəyimizi müəyyənləşdirəcək ərzaq sistemlərinə daşımağın zamanıdır”.
FAO rəsmisi qeyd edib ki, təşkilatın 2022–2031-ci illəri əhatə edən Strateji Çərçivəsində innovasiya aqrar ərzaq sistemlərinin səmərəli, inklüziv, dayanıqlı və davamlı şəkildə qurulmasının əsas elementi kimi götürülür.
“İnnovasiya sadəcə yeni texnologiyaların tətbiqi deyil, bu, düşüncə tərzlərinin, sistemlərin və gələcəklərin transformasiyasıdır. FAO Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi olaraq hökumətlərlə, akademik dairələrlə, özəl sektor və fermerlərlə birgə çalışaraq ağıllı və miqyaslana bilən həlləri həyata keçiririk”, - N. Gangi qeyd edib.
O, Azərbaycandakı konkret təşəbbüslərə də toxunub: “Azərbaycanda innovasiyanın necə kök saldığını və inkişaf etdiyini öz gözlərimizlə görmüşük. Yaxşı kənd təsərrüfatı təcrübələri beynəlxalq standartlara uyğun şəkildə tətbiq olunur, ərzaq istehsalının təhlükəsiz, davamlı və ətraf mühitə uyğun olması təmin edilir. Müasir texnologiyalar məhsuldarlığın və səmərəliliyin artırılması üçün tətbiq olunur, bu, dəqiq kənd təsərrüfatı alətlərindən tutmuş ağıllı idarəetmə sistemlərinədək uzanır. Davamlı suvarma sistemlərinin genişləndirilməsi də iqlim stressi fonunda resursların qorunmasına xidmət edir”.